Sabunçu – Beton içində çürüyən qanunlar: Adil Vəliyevin özəl “tikinti nizamnaməsi”
Sabunçu rayonu artıq “paytaxtın tərkib hissəsi” yox, "şəxsi tikinti holdinqi"nə çevrilib. Burada nə Konstitusiyanın, nə İnzibati Xətalar Məcəlləsinin, nə də mülki hüququn sözü keçir. Buranın yeganə" hüquqi sənəd"i var – Adil Vəliyevin şəxsi iradəsi.
İcra başçısı vəzifəsində oturan Adil Vəliyev, dövlətin ona etibar etdiyi səlahiyyətləri elə ustalıqla “şəxsi sərvət kataloquna” çevirib ki, istənilən audit yoxlaması, görünür, həmin kataloqun “qaralama versiyasını” belə aça bilmir. Torpaq sahələri, kommersiya obyektləri, bağ evləri, villalar... Siyahının uzunluğu bir tikinti icazəsi qədər uzundur - və bir o qədər də qaranlıqdır.
Tikintiyə icazə yoxdur, amma "icazəli dağıntı" çoxdur
"DogruXeber.az" xəbər verir ki, bu barədə TikTok istifadəçisi Elməddin Vəliyev öz şəxsi hesabında konkret faktla çıxış edib. Onun çıxarışlı, tam qanuni tikintisi özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən Elnur adlı bir şəxs tərəfindən qanunsuz şəkildə dağıdılıb. Əldə nə qərar var, nə icazə, nə də məhkəmə prosesi. Sadəcə gəlib, “belə tapşırılıb” deyə vətəndaşın mülkiyyət hüququ tapdalayıb. Bu nədir – Sabunçuda dövlət qanunları yoxsa “icra qanunu” işləyir?
Bu vandalizm aktı təkcə bir binanın uçurulması deyil – vətəndaşın dövlətə olan inamının betona basdırılmasıdır.
Bəs o, zaman Bilgəhdəki qanunsuz tikintilər niyə çiçəklənir?
Sosial şəbəkələrdə yayılan daha bir videogörüntüdə Bilgəh qəsəbəsində, “Azərbaycan qadını” küçəsində açıq-aşkar qanunsuz tikinti işləri gedir. İcra başçısının “dəmir əli” niyə orda görünmür? Görünür, orda başqa cür “icazə” var. Pul, qohumluq, ya da hansısa siyasi havadarın referansı... Nə olursa-olsun, Adil müəllim bu tikintilərə müdaxilə etmir, əksinə, şərait yaradır.
Ədalət budurmu? – Birinin sənədli tikilisi dağıdılır, digərinin sənədsiz tikilisi ucaldılır. Bu sistem şəxsi maraqlarla idarə olunan xaosdur.
Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də deyəsən Sabunçunu görmür.
Sanki, o, da Sabunçu rayonunu Bakı xəritəsindən silib, ya da sadəcə görmək istəmir. Memarlıq və şəhərsalma prinsiplərinə zidd, koordinatsız, plansız və qanunsuz tikililərlə dolu Sabunçuda bir dəfə də ARXKOM tərəfindən rəsmi reaksiya olmayıb. Ən azından bu barədə ARXKOM rəhbərliyinə dəfələrlə rəsmi sorğular göndərib, qanunla çərçivələnmiş nəticə görməyən bir redaksiya olaraq bunu deməyə haqqımız çatır. Görəsən, bu sükut bilməməkdən irəli gəlir, yoxsa bilməzlikdən gəlməkdən?
Sabunçu – 2025-ci ilin qeyri-rəsmi “plana düşməyən tikinti” rayonudur. Anar Quliyevin rəhbərlik etdiyi qurum isə memarlıq yox, mərhələli laqeydlik institutu kimi fəaliyyət göstərir. Bu qədər özbaşınalığın içində bir dəfə də nəzarət, müdaxilə, inzibati tədbir yoxdur.
Elə Cəbrayıl Xanlarovun “təhlükəsizliyə nəzarət”i də Adil Vəliyevə mane olmamağa xidmət edir.
Söhbət Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarov dan gedir. Hansı ki, adı ilə təzad yaradan bir məmurdur. Onun rəhbərlik etdiyi agentlik təhlükəni nəzarətə almaq üçün yox, təhlükəni görməməzliyə vurmaq üçün fəaliyyət göstərir.
Sabunçuda özbaşına ucaldılan, ərazini zəbt edən, həyat üçün təhlükə yaradan tikililər baş alıb gedir – Cəbrayıl müəllim isə “tikinti təhlükəsizdir” möhürü ilə dərin səssizlik nümayiş etdirir. Sanki, bu Agentlik FHN-in tabeliyində yox, icra hakimiyyətlərinin himayəsində fəaliyyət göstərir desək, yanılmarıq.
Sabunçu modeli – qanunsuzluğun “qanuniləşdirildiyi” zona
Bu rayonda hər şey var: qanunsuz tikinti, icazəsiz dağıntı, qeyri-rəsmi rüşvət mexanizmi, vətəndaşa təzyiq və təqib, “öz adamına” üstünlük... Bircə şey yoxdur – qanun.
Uzun müddətli müşahidələrimiz buvaxta qədər orada qanunları görə bilməyib. Adil Vəliyevin isə bütün bunlara "geyindirdiyi biabırçı don" artıq, "atalar sözü" kimi dillərə düşüb - "Elə bil Azərbaycanda yaşamırsınız".
Xatırladaq ki, o, bu sözləri jurnalist Əvəz Zeynallının məhkəmə prosesi zamanı, vəkilin, "Rəsmi ixtiyarınız yoxdursa, siz tikintilərə necə müdaxilə edə bilirsiniz" sualına cavab olaraq səsləndirmişdir.
O, bununla sətiraltı, "Bura Azərbaycandır və mən də öz kefimin lələsiyəm" fikrini ifadə etmiş oldu.
Elə bu düşüncənin fəsadlarıdır ki, bu gün Sabunçuda qurulan sistem sadəcə korrupsiya deyil – bu, dövlətçiliyə qarşı qurulmuş içdən-içə çürüyən tikinti mafiyasıdır.
Əgər dövlət bu rayona real nəzarət etməyəcəksə, əgər Adil Vəliyev, Anar Quliyev və Cəbrayıl Xanlarov kimilərə “toxunulmazlıq” davam edəcəksə – sabah Sabunçu modelini digər rayonlarda da görəcəyik. Necə ki, artıq Suraxanı, Xəzər, Binəqədi və digərlərində hər gün şahidi oluruq.
Bu dəhşətdir ki, bu gün qanun pozan yox, Elməddin Vəliyevin timsalında qanunla yaşayan vətəndaşlar cəzalandırılır.
Qeyd: Adı çəkilən hər üç rayonda baş verənlər barəsində növbəti yazılarımızda ətraflı məlumatları çatdıracağıq.
Bu yazı bir xəbərdarlıqdır – həm dövlətə, həm cəmiyyətə: Ya bu yazılmamış qaydalar dəyişəcək, ya da bu acı reallıq hamımızı içində basdıracaq.