azerbaycanxeberleritv.az » Gündəm » İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var
Gündəm / Hadisə / Cəmiyyət / 12-04-2025, 15:29

İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var

İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var
Azerbaycanxeberleritv.az: - Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

DSX-dan Gununsesi.info -ya verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.