azerbaycanxeberleritv.az » Manşet » Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katib general polkovnik Ramil Usubovun doğum günüdür
Manşet / Cəmiyyət / 22-12-2024, 11:14

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katib general polkovnik Ramil Usubovun doğum günüdür

 

Azerbaycanxeberleritv.az xəbər verir ki, Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
 
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.
 
1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuş, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuşdur.
 
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
 
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub, qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
 
Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülmüşdür.
 
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur
 
Ailəlidir, üç övladı var. Saytımızın  rəhbərliyi və komandası adından cənab general polkovnik Ramil Usubovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, məsuliyyətli və şərəfli peşəsində müvəffəqiyyətlər arzu edirik.
 
Ad gününüz mübarək!

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.