Binəqədidə tikinti anarxiyası – Elxan Allahverdiyev hara baxır?
Son dövrlər Bakının Binəqədi rayonunda baş verənlər bir daha göstərir ki, bu ərazidə idarəetmə ciddi şəkildə iflic olub. Sakinlər bir tərəfdən səs-küylü, qanunsuz tikintilərdən əziyyət çəkir, digər tərəfdən yaşıllıqların məhv edilməsi ilə üz-üzə qalıb. Bu vəziyyət isə, baş verənlərin arxasında məmur laqeydliyindən daha təhlükəli bir şeyin – susqun razılığın dayandığını deməyə əsas verir.
"DogruXeber.az" xatırladır ki, az müddət əvvəl yayılan məlumatlarda G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında heç bir izinə rast gəlinmədiyi deyilirdi. Yəni bu tikintinin rəsmi icazəsi yox idi. Bəs sual yaranır: Binəqədi İcra Hakimiyyəti niyə susdu? Əksinə, yayılan məlumatlara görə, bina tikintisi icra hakimiyyəti ilə “anlaşma” nəticəsində həyata keçirilirdi. Bu, artıq qanunsuzluqdan daha çox, cinayət tərkibli hərəkət deməkdir.
Qanunsuzluq bununla da bitmir. 9-cu mikrorayon, Adil Məmmədov küçəsində ağacların məhv edilərək aparılan qanunsuz tikinti açıq-aşkar göz qabağındadır. Sakinlərin etirazına, media və sosial şəbəkələrin gündəminə baxmayaraq, bu əməllərə dur deyən yoxdur. Bu isə birbaşa Elxan Allahverdiyevin məsuliyyətsiz idarəetməsi və vətəndaşa sayğısız münasibətinin nəticəsidir.
Xatırladaq ki, bir müddət öncə Binəqədi Bələdiyyəsinin bir neçə əməkdaşı saxta sənədlərlə torpaq satdığına görə işdən çıxarılmışdı. Onların yaratdığı qanunsuzluğun qurbanı olanlar arasında incəsənət nümayəndələri də vardı. Ancaq görünür, bu ifşaedici fakt belə rayonda mövcud sistemin kökündən çürümüş mahiyyətini dəyişə bilməyib. Eyni saxtakarlıqlar bu gün də davam edir.
Bundan başqa, Rəsulzadə qəsəbəsi və Mədən 371 ünvanında da qanunsuz tikintilərlə bağlı görüntülər yayılıb. Görünür, Binəqədi rayonu artıq qanunsuz tikinti “cənnətinə” çevrilib və bu prosesin başında dayananların içində ya susanlar var, ya da birbaşa iştirak edənlər.
İndi isə əsas sual: Elxan Allahverdiyev bu rayonu hara aparır?
Binəqədi sakinlərinin haqqı tapdanır, dövlətin şəhərsalma siyasəti ayaqlar altına atılır, yaşıllıqlar məhv olunur, hüquqi norma və qaydalar pozulur. Və bu zaman Binəqədi İcra Hakimiyyəti rəhbərliyi susur. Əgər Elxan Allahverdiyev bu qanunsuzluqlardan xəbərsizdirsə – demək, idarə edə bilmir. Yox əgər xəbəri var və göz yumursa – bu artıq vəzifə səlahiyyətlərindən sui-istifadədir.
Artıq məsələ ciddidir. Dövlətin nüfuzuna kölgə salan belə hallarla bağlı hüquq-mühafizə orqanlarının dərhal hərəkətə keçməsi, Binəqədi rayonunda genişmiqyaslı yoxlamaların aparılması, qanunsuz tikintilərlə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanması vacibdir. Əks halda, bu cür halların gələcəkdə daha təhlükəli nəticələr doğurması qaçılmazdır.
"DogruXeber.az" olaraq məsələni daim izləyəcək, vətəndaşların səsini çatdırmağa davam edəcəyik.