
Nizami TƏHMƏZOV
XALİDƏ HİCRAN
(Roman)
Beşinci hissə
I hissə + II hissə + III hissə + IV hissə
O, tez-tez Arpaçayın sahillərinə gələrdi. Buralar onun üçün çox əziz idi. Iap çox. Hər daşında- çaylağında, kolunda-kosunda şirin xatirələrlə dolu izi vardı Xalidənin.Bu izlər indi sanki bir tarixə çevrilib illərin arxasından boylanırdı. İllər deyəndə o vaxtdan çox da keçməyib. Deyək ki, üç il, dörd il...Amma bu illər ərzndə Xalidənin fikrində, düşüncələrində çox böyük dəyişikliklər olub. Onda balaca qardaşını belinə şəlləyər, bir əlində kitab, bir əlində ağac hündüşqaları qabağına qatıb buralarda otarardı. Qəlbindəki böyük-böyük arzular ona qol-qanad verər, gələcəyə ruhlandırardı. Səhər-səhər üfüqdən yenicə baş qaldırmış Günəşin qızılı şüaları Arpaçayın gümüşü sularında saçlarını yuyanda Xalidənin urəyində tutduğu arzulara sanki nur çilənər, onu duyğulandırar, cuşa gətirərdi. Arpaçayın həzin zümzüməsi səhər yelinin oynatdığı zərlf otların səsinə qarışaraq ətafa yayılır, Xalidənin qəlbinə, ruhuna sonsuz rahatlıq bəxş edərdi. Sanki təbiətin bu əsrarəngiz gözəlliyindən ilham alan quşlar sevinirmiş kimi müxtəlif səslər çıxarır, atılıb- düşür, budaqdan- budağa qonardılar. Belə olanda hindüşqalar da sanki həvəsə gəlib qaqqıldaşar, qanad çalar və sanki yarışa çıxardılar.
Təbiət Xalidə üçün sadəcə bir gözəllik deyildi Eyni zamanda dərin mənalar kəsb edən sirli bir dünya idi. Elə bir dünya idi ki, Xalidə yalnız burda rahatlanar, özünü azad, sərbəst hiss edərdi. O, bütün varlığı ilə təbiəti sevirdi. Bu sevgi Ulu Tanrının yaratdıqlarına bəxş etdiyi dəyərlərdən qaynaqlanar, şölələnər, çiçəklənərdi. Xalidə Ulu Yaradana yalnız ona görə duaçı və minnətdar deyildi ki, o, insanlara məhz belə gözəlliklər bəxş edib, həm də ona görə ki, bu gözəllikləri və bu sirli dünyanı dərk etmək üçün kifayət qədər ağıl vermişdi.
Xalidə dərin düşüncələr içərisində yavaş-yavaş Arpçayın sahilinə gəldi. Arzularının və düşüncələrinin yaratdığı təəssüratdan duyğulanıb gülümsəyir, xoş hisslər keçirirdi. Yeri- göyü Yaradanın yaratdığına verdiyi hər iki dünyanı içində gəzdirirdi o. Onun mənəvi dünyasının əsrarəngiz gözəlliklərindən bəhrələnən, bu gözəlliklərin ətrindən məst olan insanlar paxıllıq, acgözlük, həristlik azarından qurtarıb ləyaqət zirvəsinə yüksələrdilər. Yüksəklik, ucalıq insanlığın təntənəsi, bəşər övladının şər qüvvələr üzərində qələbəsidir. Ulu Tanrı yalnız çox sevdiyi insanlara verdiyi müqəddəs dəyərlərdən, o dəyərlərdən ki, Xalidənin mənəvi dünyası zənginləşib və bu zəngin ecazkar dünyada insanlar paklaşır, müqəddəsləşir, onun düzlük, doğruçuluq., təmizlik, hörmət və məhəbbət cövhərindən qidalanıb nurlanırlar. İnsanları sevindirmək, onlara xoş duyğulr bəxş etmək məhz o kəslərin, o insanların gücündə və bacarığınddır ki, Ulu Tanrı öz sevgisini belələrindən əsirgəməmişdir. Bu cür vergili isanlar, böyük istedad sahibləri öz xoş niyyəti və əməlləri ilə insanları pis əməllərdən, şər qüvvələrdən qoruyur, tamahkarlıq və acgözlük azarından qurtarır və yüksək amallar uğrunda mübrizəyə ruhlandırardı.
Xalidə getdikcə öz büllur saflığı, müqəddəs paklığı və ilahi sevgisi ilə onu tanıyanların qəlbində əbədi kök salır, məhəbbət və sədaqət abidəsinə çevrilirdi. Dağ çiçəyindən, bənövşə ətrindən, quzey qarından da təmiz bir nəfsi vardı ki, onunla yaxın olanlar burda saflaşıb durulaşır, yad vərdiş və əməllərdəm təmizlənərdilər.
-Xalidə...
Arxadan gələn bu həzin, mehriban səs onu dərin düşüncələrdən ayırdı.Gələn sinif yoldaşı və ən yaxın rəfiqəsi Solmaz idi. Onlar çox vaxt bir yerdə olardılar. Dərslər ikinci növbədə başladığından hər səhər Arpaçayın və Fərhad arxının kənarında quş otarar, dərslərini də bəzən bir yerdə hazırlayardılar. Solmaz çox mehriban və səmimi qız idi. Heç vaxt dostlarına, yoldaşlarına paxıllıq etməz, əksinə, onların qazandığı hər bir uğura ürəkdən sevinərdi. Xalidənin “Leylək” rəsmi qəzetdə çıxanda o qədər sevinmişdi ki...Açıq qəlbi, olduqca təmiz ürəyi vardı. O, Xalidəni yaxşı tanıdığından həmişə sözünə-söhbətinə fikir verər, onun qəlbinə dəyən, incidən artıq bir söz deməzdi.Xalidə də onun xatirini çox istəyrdi, bəzən görməyəndə drıxardı.
O, yaxınlaşıb salam verdi.Xasiyyətinə yaxşı bələd olsa da gülə-gülə yarızarafat, yarıciddi dedi:
-Çox fikirli görünürsən, yoxsa yeni bir xəbər var ? – O, bu sözləri deyib sınayıcı nəzərlərlə rəfiqəsinə baxdı, sonra onu qucaqlayb öpdü.
-Nə xəbər ? – deyə Xalidə sual dolu baxışlarını onun üzünə dikdi. – Bir xəbər olsa sən məbdən əvvəl bilərsən.
-Dedim bəlkə ?...O, rəfiqəsinin qəlbinə dəyəcəyindənmi, ya nədənsə sözünün ardını gətirə bilmədi .
-Nə bəlkə? Fikrini açıq de.
-Bax, incimə, ha....
-Yaxşı, sözünü de. Amma elə söz de ki, inciklik yaratmasın.
-Vallah, elə dərin fikrə getmişdin ki, düşündüm ki, bəlkə kimsə qəlbini oğurlayıb.
Xalidə ona diqqətlə baxib gülümsündü.Solmaz daha da ürəkləndi :
-Nədi, ola bilməz ?..
-Yox, Niyə sən ancaq elə şeylər haqqında fikirləşirsən, başqa şey haqqinda düşünmək olmaz? – O. yaxınlaşıb rəfiqəsinin əlindən tutdu. - Düzü, mən heç belə şeylər haqqında fikirləşmirəm, Heç ağlıma da gəlmir. Sən ki, məni yaxşı taniyirsan...
-Hə,hə, əlbəttə. Sənin bir əlində kitab, o biri əlində fırça və karandaşdır...
Xalidə gülümsündü :
-Hə,biri arzum, istəyim, diləyim, o birisi ürəyim, canımdir, varlığımdır...
Solmaz mat-mat onun üzünə baxdı :
-Elə bilirsən səni başa düşdüm ?
-Burda başa düşməməyə nə var ki? – deyə Xalidə cvab verdi, - Biri kitab, oxumaq, o biri isə fırça, karandaşdır, rəssamlıqdır. Məni bu dəqiqə ancaq bunlar düşündürür.Özün də bilirsən ki, qarşıda bizi çətin, ağır sınaqlar gözləyir. Biz indi elə dövrdə, astanadayıq ki,gələcək həytımız, xöşbəxtliyimiz yalnız və yalnız bu dövrü və astananı necə keçirməyimizdən və necə başa vurmağımızdan asılıdır. İndi bizim hər günümüz, hər saatimiz qiymətlidir. Hətta deyərdim ki, o dərəcədə qiymətlidir ki,gələcəkdə çevrilib bu illərə nəzər salana peşimançılıq və təəssüf hıssləri keçirməyək. Bax, belə günümüzdə, dövrümüzdə bu gün gələcəyi məlum olmyan ötərgi hisslərlə, duyğularla yaşamaq bizə yaraşmaz. Sən özün bunları gözəl bilirsən. Sən olduqca ağıllı və düşüncəli qızsan. Mənim qarşımda hələ böyük problemlər var, ancaq onun haqqında düşünürəm.Yalnız özüm üçün, öz şəxsi həyatım üçün yaşamağı sevmirəm.
-Sən yalnız özün üçün yşamağı sevmirsən? - deyə Solmaz təəccüblə onun üzünə baxdı.– Bəs yalnız özün üçün yaşamırsansa, bəs onda daha kimin üçün yaşayırsan ?
-Mən bir az başqa cür, düşünürəm. Təbiət, cəmiyyət, insan haqqında , insan yaşayışı haqqında mənim fərqli düşüncələrim və fikirlərim var. Hesab edirəm ki, insan ancaq özü üçün yaşamamalıdır, Onun həyatı yalnız bioloji ömür sürməkdən ibarət deyil.Çünki o, şüurludur, ağıllıdır,cəmiyyətin bir üzvüdür.Onu böyüdən vətən var, torpaq var. O, bu vətənə, bu torpağa, yaşadığı, üzvü olduğu cəmiyyətə borcludur. Mən yalnız özü üçün yaşayanları bioloji varlıq adlandırardım. İnsan gərək elə yaşasın və elə işləsin ki, uzun illər keçəndən sonra çevrilib arxaya baxanda peşimançılıq çəkməsin.Həyatda, getdiyi ömür yolunda parlaq, insanlara xeyir verə biləcək bir izi qalsın. Bu, hər bir insanın borcudur.Eyni zamanda mən də özümü bu vətənə, bu cəmyyətə borclu hesab edirəm.Ona görə də həyat həqiqətlərini əks etdirən reallığı sevirəm. Hisslərin deyil, ağlın diqtəsilə hərəkət etmək istəyirəm..Hisslərinin əsiri olanlara mənim yazığım gəlir.
O, nə fikirləşdisə birdən dayandı. Diqqətlə Solmazın üzünə, gözlərinə baxdı.Onun uşaq qədər məsum çöhrəsini, ağıllı gözlərini görüb rahatlandı. Xalidənin bu hərəkətləri Solmazın diqqətindən yayınmadı. Odur ki:
-Birdən-birə niyə belə baxdın? – deyə təbəssümlə soruşdu.
Xalidə gülə-gülə cavab verdi:
-Düşündüm ki, bəlkə heç xəbərim yoxdu, kiməsə vurulmusan?
Hər iksi ucadan güldü. Solmaz dedi :
-Mən sevə bilmərəm? Mənim buna haqqım yoxdur?
-Yox.
-Yox?
-Dedim ki, yox.- Onu qucaqlayıb üzündən öpdü. - Əziz bacım, sənin hər şeyə haqqın var. Sən xöşbəxt olmağa layiqsən. Amma. əlbəttə, hər şeyin vaxtı var.Bir məsələni heç vaxt unutmaq olmaz ki, insan tələsib sevir, ailə qurur, özünü xoşbəxt hiss edir, müəyyən zaman keçəndən sonra xöşbəxtlik sona çatanda, hardasa buraxdiğı səhvləri axtarmağa başlayır. O zaman gec olur. Bax, buna görə heç nəyə tələsmək lazım deyil. Hər şeyin öz vaxtı, öz zamanı var. Yalnız gözləməyi bacaranlar, səbirli olanlar çox şeyə nail olurlar. Bizim qarşımızda çox böyük sınaqlar var.
Rəfiqəsinin dediyi sözlər sanki qaranlıq gecədə doğan Ay kimi onun yollarına işıq salır, aydınlıq gətirir, qollarından tutub hədəfə doğru, irəliyə doğru aparırdı.O, indiyə qədər heç kimi bu qədər özünə yaxın hiss etməmişdi. Ömrü boyu heç vaxt unudulmayan və yaddan çıxmayan ən əziz, gövrək və şirin xatirələrlə dolu uşaqlıq illərinin sevimli dostu, əziz rəfiqəsi idi Xalidə onun.
Xalidə rəfiqəsinin fikrə getdiyini görüb tutuldu. Ona elə gəldi ki, çiçək qədər zərif qəlbi olan rəfiqəsinin könlünə dəydi, incitdi onu. Xalidə o qədər həssas və incə bir qız idi ki, hətta göydə uçan quşların, yerdə gəzən qarışqaların da incidilməsini istəmirdi. O, yaxşı bilirdi ki, bir ağacın müxtəlif budaqları olur.Biri yekə, biri balaca, bar verən, meyvə gətirməyən. İnsanlar da belədir, nə qədər bir-birinə yaxın olsalar da, hər kəsin öz xasiyyəti, öz istək və arzuları var. Öz mübarizə əzmi, düşüncəsi,öz yolu və öz ruhu var.
Birdən – birə Xalidəyə elə gəldi ki, insan arzusuz, ümidsiz yaşaya bilmədiyi kimi ağrısız, göynərtisiz də yaşaya blməz. Ağrı, göynərti elə həyatdır, həyatın özüdür. Ona görə həyatın özüdür ki, o ağrı, o göynərti insanı tərpədir, onu silkələyir, ətalətdən, mürgüdən qoruyur, həyat uğrunda, yaşmaq uğrunda mübarizəyə məcbur edir. Yüksək arzu və amallar uğrunda mübarizəyə səsləyir, xəbərdarlıq edir, göynədir, yandırıb-yaxır onu. Çox qəribə idi, Xalidə sanki ağrının dadını, qoxusunu, rəngini də bilirdi. İndi o, rəfiqəsinin qəlbinə dəyəcəyindən qorxub onun ağrısını çəkirdi. Elə bu vaxt Solmazın mehriban, bir az da titrək səsi onu xəyaldan ayırdı.
-Bizə nə oldu? Elə bil ikimizin də sözü birdən qurtardı.
-Yox, Solmaz, sözümüz heç zaman qurtarmaz. Dediyim sözlərin qəlbinə dəyəcəyini düşünüb pis olmuşdum. Fikirləşdim ki, brdən məni düzgün başa düşməzsən.
-Sənin hər sözün mənim üçün şirindir, əziz bacım, - deyə Solmaz onu qucaqladı.-Bilirəm ki, sən məinm üçün, mənim gələcəyim üçün deyirsən. Sən mənə çox əzizsən. Bizim bu gün birlikdə keçirdiyimiz günlər gələcək həyatımızın şanlı tarixi, unudulmaz və əziz xatirəsidir.
Xalidə rəfiqəsinin bu sözündən çox sevindi :
-Bəli. Mən çox sevinirəm ki, bir-birimizi tam başa düşürük. Həm də bizim bu güngü çalışmağımız, faydalı fəalyyətimiz gələcək uğurlarımızın təməli, onun başlanğıcıdır. İndi hər günümüzün, saatımızın qədrini bilməli, ciddi çalışmalıyıq. İçimizdə, qəlbimizdə kükrəyən, tuğyan edən tufanları yalnız özümüz söndürməliyik. Bir gözümüz gülər, bir gözümüz ağlar olsaq da gülümsəməyi bacarmalıyıq. Qorxuun gözünə dik baxmağı öyrənməliyik. Nədənsə qorxmaq, çəkinmək,tənbəllk etmək, bu günkü işi sabaha qoymaq kimi mənfi halları içimizdən çıxarıb atmalıyıq. Kiminsə dəyirman daşı aıtında əzilmiş mərhəmətini, dağlar başına qaldıran minnətini qəbul etməməliyik. Allahın bizə verdiyi imkanlardan bəhrələnib hər şeyi yalnız özümüz həll etməliyik.
-Əlbəttə, - deyə Solmaz rəfiqəsinin sözünə qüvvət verdi. – Mən hardasa oxumuşam ki, fikirləri, düşüncələri bir-birinə oxşar adamlara ruh ekizləri deyilir. Çox sevinirəm ki, bizim fikirlərimiz çox zaman üst-üstə düşür.
O, bu sözləri deyib diqqət və maraqla Xalidənin üzünə baxdı. Gülümsündü. Çöhrəsində xoş əhval- ruhyə yaradacaq bir təbəssüm oynadı. Və bu təbəssum sanki ona xüsusi bir gözəllik verdi. Bir müddət baxışlarını Xalidədən ayıra bilmədi və birdən – birə ona elə gəldi ki, Xalidəni sanki birinci dəfədir görür.
Xalidə onun susduğunu görüb təəccüblə soruşdu :
-Nə oldu, niyə susdun, niyə belə maraqla baxırsan?
O, qeyri- ixtiyarı Xalidəni bağrına basdı:
-Səni çox istəyirəm, Xalidə, - dedi. - Sənə baxanda düşünürəm ki,Allah insanı xəlq edəndə təbiətdəki bütün gözəlliklərdən, rənglərdən,istifadə edib ona yazıb- yaratmaq qüdrəti və başqa digər yaradıcı keyfiyyətlər verib.Çox sevinirəm ki, nə yaxşı Allah sənə rəssamlıq qabiliyyəti, gözəllik və şairlik istedadı bəxş edib. Demək sən bizdən, adı qızlardan çox-çox üstünsən. Sən Allaha daha çox yaxınsan...
-Bu nə deməkdir, Solmaz ?- deyə Xalidə hər iki əli ilə onun çiyinlərindən tutdu.- Biz ikimiz də eyni həyatı, eyni taleyi yaşayırıq. Hər ikimiz məktəbə getməzdən əvvəl, Günəş yerindən qalxanda bir əlimizdə kitab, o biri əlimizdə ağac alıb Arpaçayın sahillərində quş otarırıq. O biri qızlar kimi günortaya qədər, dərsə gedənə qədər yatmırıq. Zəhmət çəkirik, oxuyuruq...Axı, özün dedin ki, biz ruh ekizləriyik...
-Hə, hə, - deyə Solmaz rəfiqəsinin boynunu qucaqladı.- Nə yaxşı ki, sən varsan, Xalidə.
-Sən də...- deyə Xalidə pıçılddı...
***
Səhər tezdən, xoruzun ikinci banında Xalidə yuxudan ayılanda qulağına səs gəldi. Diqqətlə fikir verdi, deyəsən atası Məhəmməd müəllim idi. Onun çox da uzağa getməyən gur, amiranə səsi evin divarlarında əks-səda verir, yarıaçıq pəncərələrdən sivişib həyətə qədər gedirdi. Nə hadisə baş verdiyini bilməsə də, yaqin etdi ki, nəsə çox ciddi bir hadisə baş verib. Ürəyi titrədi. O yan, bu yana boylanıb heç nə görmədi. Yerindən qalxıb aynabəndə gəldi. Anası həyətdə samovar qalayırdı. Pəncərəni açıb tələsik soruşdu:
-Sabahın xeyir, ana. Səhər-səhər nə olub?
-Qardaşındir da, kişini əsəbiləşdirib
Xalidə bildi ki, Nadir yenə nəsə xoşəgəlməz bir iş tutub. O, heç nədən nəsə qurub yaratmağı sevirdi. İndi də Allah bilir, yenə nə iş görüb?
Kənddən bir az aralı böyük tikinti işləri gedirdi. Rusiyadan gətirilmiş ikiqat pəncərələr,qalin, füqurlu qapılar, yonulmuş taxtalar, bir sözlə, ev üçün lazım olan müxtəlif tikinti materialları var idi. Zəif nəzarət olduğudanmı, ya nədənsə ehtiyacı olan kənd adamları o qapı- pəncərələrdən daşıyıb aparırdılar. Uzaq olmasına baxmayaraq Nadir də həmin pəncərələrdən ikisini belində daşıyıb gətirmişdi. Sübh tezdən Məhəmməd müəllim yuxudan duranda pəncərələri görüb bərk əsəbiləşir. Nadiri oyadıb məcbur edir ki, gətirdiyi pəncərələri aparıb yerinə qoysun. Nadir narazı halda deyinib:
-Lazım deyil, sataram. Bunları güclə gətirmişəm, indi necə aparım? Onsuz da camaat daşıyıb aparır. Kimdi kimə?
Məhəmməd müəllim daha da əsəbiləşdi:
-Hələ sən bir söz də qaytarırsan? Kim aparır, özü bilər.Bizə haram şey lazım deyil. Mən sizə belə tərbiyə verməmişəm.
Səsə Xanım gəldi. Həyat yoldaşının bərk əsəbiləşdiyini görüb dedi:
-Hə, əlbəttə, qaytarmaq lazımdır. Amma yazıq indi yerinə girib, bir az nəfəsini dərsin sonra aparar.
-Sən qarışma, Xanım. Bu arvad işi deyil. Necə gətirib, elə də aparar. Kişidir. Qoy həmişə yadında qalsın ki, oğurluq etmək, haram iş tutmaq olmaz. Bizim evə, ailəyə belə şeylər yaddır. – Məhəmməd müəllim Xalidəni görüb duruxdu. – Bağışla, qızım, şirin yuxunuza haram qatdım.
- Yox, ata, özüm durmuşam. Solmazla quşları otarmağa aparmalıyıq.
Məhəmməd nüəllim fikrə getdi. Xalidə fürsətdən istifadə edib kətil gətirdi. Hər ikisi əyləşdi. Məhəmməd müəllim dedi:
- Qızım, bu gün rayon Maarif Şöbəsinin müdiri və ideoloji katib məktəbə gəlməlidir. Səninlə görüşmək istəyirlər. Deyəsən birinci katibin özü tapşırıb.
Xalidə duruxdu:
-Axı, mən elə bir iş görməmişəm, ata.Onlara nə deyəcəyəm, nə göstərəcəm ? Özün bilirsən ki, mən belə şeyləri sevmirəm.
-Bilirəm, qızım, bilirəm. Sənin onlara nəsə göstərməyinə ehtiyac yoxdur. Şünki mən səndən xəbər - ətərsiz çəkdiyin rəsmlərin bəzilərini aparıb göstərmişəm. Çox bəyəniblər. Özü də lap çox...
-Necə?- deyə Xalidə sevincindənmi, yoxsa atasının bu hərəkətindən heyrətləndiyindənmi dik qalxdı:
Ardı var...