Bu gün Qarabağ torpaqlarını 44 gün ərzində 30 ildən sonra bizlərə qaytarıb özləri qayıtmayan şəhid qardaşlarımızdan birini xalqımıza gələcək nəsillərimizə tanıdacağıq.
Şükürov Azər Cahid oğlu 1994-cü il fevral ayının 11-də Birinci Şahsevən kəndində dünyaya gəlmişdir.
O 2013-cü ildə Əli Rüstəmov adına Birinci Şahsevən kəndi 1 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir.Azər 2014-cü ilin aprelində SHXÇDX-Beyləqan rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.Silahlı Qüvvələrin Qazax rayonunda "N" saylı hərbi hissəsində xidmət edən Azər komandirləri tərəfindən tədris edilən taktiki hazırlıq dərslərinə diqqətlə yanaşmış,ona verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmişdir.Elə buna görə də hərbi qulluğunu başa vurduqda ona həmin hərbi hissə də qalıb xidmətini davam etdirmək təklif olunmuşdur.Ancaq valideynləri buna razı olmadığına görə təxris olub doğma kəndinə qayıtmışdır.
Bir müddət sonra isə Beyləqanda yerləşən "CTS AQRO"MMC pambıq istehsalı və emalı zavodunda traktorçu kimi işə başlamışdır.
Qısa müddət ərzində peşəkar traktorçu kimi formalaşan Azər tək işlədiyi zavodda yox,həm də kənddə adından söz etdirməyi bacarmışdır.El-obada xüsusi hörmətə malik Azər həm də vətənpərvərliyi ilə seçilirdi.Elə buna görə də o Tovuz döyüşlərindən sonra SHXÇDX-ya ərazi bütövlüyü uğrunda başlayacaq müharibədə iştirak etmək üçün müraciət etmiş müvafiq formada qeydiyyata alınmışdır.
2020-ci ilin sentyabrın 21-də ordu sıralarına çağırılan Azərin ailə vəziyyəti nəzərə alaraq təlimlərə cəlb olunmamışdır.Ancaq Vətən müharibəsi başlayan gün Azər yenidən SHXÇDX Beyləqan rayon şöbəsinə gedib onu müharibəyə aparılmalarını təkid etmişdir.Nəhayət sentyabrın 29-da könüllü olaraq Ağcabədi rayonda yerləşən "N"saylı hərbi hissəyə göndərilən Azər növbəti gün oktyabrın 1-də cəbhəyə aparılmışdır.
Onun döyüş yolu Cəbrayıldan başlamışdır.Döyüşlərə qatıldığı ilk gündən özünün əsl hərbçi kimi aparan Azər qorxmazlığı ilə cəsusluğu ilə fərqlənməyi bacarmışdır.O hər zaman irəli atılır,öz mövqeyində düşmənə göz açmağa aman vermirdi.Cəbrayıl Qubadlı rayonu ərazisində gedən döyüşlərində xüsusi fədakarlıqlar göstərən Azər oktyabrın 22-də Qubadlı rayonun yaxınlığında düşən mimomyot mərmisindən aldığı qəlbə yarasından şəhid olmuşdur.Ancaq şəhid olmasından xəbərsiz olub övladını axtaran ailəyə noyabrın 3-də Azərin Şəhid olma xəbəri verilmişdir.Qəhrəmanımız noyabrın 4-də Birinci Şahsevən kəndində uğrunda canını fəda etdiyi vətən torpağına tapşırılmışdır.
Şücayəti və qəhrəmanlığı ilə adını Vətən tariximizin şanlı səhifəsinə yazan əsgər Şükürov Azər Cahid oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarını icra zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandası cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda ", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Azər ailəli idi: Nurlan və Cahid adlı iki oğlu var.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Allahdan ailəsinə səbr diləyirik!