azerbaycanxeberleritv.az » Manşet » NASA Marsın atmosferinin necə dağıldığını açıqladı
Manşet / Dünya / 30-05-2025, 18:30

NASA Marsın atmosferinin necə dağıldığını açıqladı

NASA Marsın atmosferinin necə dağıldığını açıqladı

Mars özünün ən qədim sirrlərindən birini üzə çıxarıb. Alimlərin bu prosesi qeydə ala bilməsi üçün onilliklər, bir kosmik aparat və "kosmik top gülləsi” lazım olub.

"Azerbaycanxeberleritv.az" "Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, NASA-nın MAVEN missiyası ilk dəfə olaraq "səpilmə" (ing. sputtering) adlanan prosesi birbaşa müşahidə edib. Bu, Günəş küləyindəki yüklü zərrəciklərin Mars atmosferinə çırpılması nəticəsində neytral atomların kosmosa atılması ilə müşayiət olunan bir atmosfer itkisi mexanizmidir.

Bu şiddətli qarşılıqlı təsir Marsın sıx atmosferini və onun səthində maye suyu saxlamaq qabiliyyətini itirməsinin əsas səbəblərindən biri ola bilər.

Bu kəşf MAVEN-in – Marsın atmosferini necə itirdiyini öyrənməyə yönəlmiş NASA proqramının bir hissəsi olan missiyanın vacib mərhələsini təşkil edir.

Alimlər bu prosesin atmosfer eroziyasında rol oynadığını çoxdan ehtimal edirdilər, lakin indiyə qədər buna dair birbaşa sübut yox idi.

MAVEN-in baş tədqiqatçısı, Kolorado Universitetinin Atmosfer və Kosmos Fizikası Laboratoriyasının əməkdaşı Şennon Karri bu prosesi belə izah edib:
"Bu, top gülləsinin üzmə hovuzuna atılması kimidir. Burada top gülləsi rolunu ağır ionlar oynayır – onlar yüksək sürətlə atmosferə çırpılır və neytral atomları və molekulları çölə sıçradırlar”.

Əvvəlki müşahidələr bu prosesin yalnız dolayı əlamətlərini təqdim etmişdi: məsələn, yüngül izotopların yuxarı atmosferdə daha az olması onların kosmosa atıldığını göstərirdi. Bu isə ancaq "səpilmə” ilə izah oluna bilər.

MAVEN-dəki üç cihaz – günəş küləyi ion analizatoru, maqnitometr və neytral qaz və ionların kütlə spektrometri – vasitəsilə tədqiqatçılar bu prosesi ilk dəfə birbaşa qeydə alıblar.

Alimlər həmçinin Marsın gündüz və gecə tərəflərində, aşağı hündürlüklərdə də ölçmələr aparıblar ki, bu da illərlə vaxt tələb edib.

MAVEN cihazlarından alınan məlumatlar birləşdirilərək Günəş küləyi ilə səpələnmiş arqon atomları arasında əlaqəni göstərən ilk ətraflı xəritə yaradılıb. Xəritə Marsın atmosferinin yuxarı hissəsində arqon atomlarının məhz Günəşdən gələn enerjili zərrəciklərin dəydiyi sahələrdə olduğunu göstərib – bu, "səpilmə” prosesinin real və birbaşa sübutudur.

Daha da maraqlısı isə odur ki, bu proses gözləniləndən dörd dəfə sürətli baş verib və Günəş fırtınaları zamanı daha da intensivləşib. Bu müşahidələr sübut edir ki, Marsın gənc dövrlərində, Günəşin daha aktiv olduğu zaman, "səpilmə” atmosfer itkisinə əsas töhfə verən amil olub.

Karri bildirib:
"Bu nəticələr Marsın atmosferini necə itirdiyini və planetdəki suyun tarixini müəyyənləşdirmək baxımından ‘səpilmə’nin rolunu sübuta yetirir”.

Bu kəşf Marsın bir vaxtlar yaşamağa yararlı planetdən necə soyuq və quraq dünyaya çevrildiyini anlamağa böyük töhfə verir. Həmçinin, planetlərin necə inkişaf etdiyini və onların yaşamağa yararlı qalması üçün nələrin lazım olduğunu anlamaqda da mühüm ipucu verir.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.