Azerbaycanxeberleritv.az: - Osman Gündüz: “Bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır”.
Azərbaycanda kiberdələduzluq, bank kartlarından oğurluq geniş vüsət alıb. Demək olar ki, hər gün vətəndaşların pul kartlarından minlərlə manatın yoxa çıxması, qəsb edilməsi barədə rəsmi məlumat yayılır. Daxili İşlər Nazirliyinin (DİN) son məlumatında qeyd edilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Qeyd olunub ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər vətəndaşa məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında zərər vurulacaq.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var!”, - deyə DİN vətəndaşlara müraciət edib.
Kartlarından pul “çəkilən” vətəndaşların əksəriyyəti isə deyir ki, kart məlumatlarını heç kimlə bölüşməyiblər. Bəs o zaman sual meydana çıxır: oğrular bu məlumatları necə əldə edirlər ki, vətəndaş soyğuna məruz qalır?
Multi-Media Mərkəzinin rəhbəri, mütəxəssis Osman Gündüz ölkədə əsas problemlərdən birinə çevrilmiş məsələ ilə bağlı öz fikirlərini səsləndirib. Ekspert təsdiqləyib ki, DİN hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı versə də, problem azalmır, əksinə artır və dərinləşir: “Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır.