Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO
"Baş memar Kamil Gəncəliyev şəxsi torpağımda tikintisinə başladığım iaşə obyektimi başa çatdırmaq üçün məndən 15.000 (on beş min) manat istədi."
"Azerbaycanxeberleritv.az" "DogruXeber.az"a istinadən xəbər verir ki, bu sözləri agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızın canlı yayımında Xaçmaz rayon sakini İbrahim Nəcəfov deyib.
O, bildirir ki, "Rəsmi sənədlərlə özümə məxsus olan torpaq sahəsində iaşə obyekti tikirdim, icra hakimiyyəti tərəfindən yarımçıq saxlanıldı. Davam etdirə bilməyim üçün isə şəhərin baş memarı (Memarlıq və tikinti şöbəsinin müdiri) Kamil Gəncəliyev məndən on beş min manat rüşvət istədi. İmkanım olmadığı üçün deyilən məbləği verməkdən imtina etdim. Bir müddət sonra Kamil Gəncəliyev gəlib mənə dedi ki, "Mən başçı ilə danışmışam, eybi yox, gətir 10 min ver, işini gör.". Təbii ki, mən bu rəqəmlə də razılaşmadım. Yenə, aradan bir az zaman keçdi, sonra Kamil Gəncəliyev məndən 7 min manat istədi və dedi ki, "gecələr tik qurtar da, gecə sənə kim nə deyəcək".
Onu da bildirim ki, mənim xalam oğlu da obyekt tikmək üçün icazə istəyəndə icra hakimiyyəti ondan 20.000 (iyirmi min) manat rüşvət istəmişdi. Özü də rüşvəti istəyəndə sözlə demirlər ki, birdən xəbərləri olmadan səslərini yazan olar. Rəqəmi qələmlə kağıza yazıb, adamın qarşısına qoyurlar.
Mən aidiyyatı qurumlara şikayət etdim və onların bu haqsızlıqları üzündən intihara cəhd etdiyim görüntülər sizin mediada yayımlandı. Ondan sonra mənə icra hakimiyyətindən dedilər ki, sən o, videonu sildir, biz sənə kömək edəcəyik. Amma, bununla məni aldatdılar. İndi də layihəmi qəbul etməyərək qəsdən əngəl yaradırlar. Mənim layihəmi qəbul etməyib, məhz özlərinin yönləndirdikləri özəl şirkətdə yeni layihə hazırlatmağımı istəyirlər. Onların göndərdikləri həmin şirkət isə çox baha hazırlayır. Mənim buna maddi imkanım çatmır.
Artıq, cana doymuşam, belə davam edərsə mən özümə qəsd edəcəm, ya da ölkədən çıxıb gedəcəm".
Qeyd edək ki, bu Xaçmaz icra hakimiyyəti barəsində nə ilk, nə də yeganə narazılıq deyil. İcra başçısı kürsüsünə oturar-oturmaz qayınatasının adına yarım milyonluq avtomobil alan Elnur Rzayev çox qısa zamanda yerli sakinləri "cırnatağı", nəinki özündən, ümumiyyətlə dövlətçilikdən küsdürməyi bacardı.
"Həsən ağanın qohumu" (İnam Kərimov) olan bu cavan oğlan özünün seçdiyi şəhid ailələrinin yanında "fotosessiyalar edib" mediada paylaşaraq, onun üzünü görməyən Aslanoba kənd sakini (şəhid anası) Əfilə Qocayeva kimi digər şəhid ailələrinin də etiraz səsini çıxardı və beləliklə şəhid ailələri arasında ayrıseçkilik salıb, pərakəndəlik yaratmış oldu.
Onun qısa zamanda yaratdığı bu qədər narazılıqları gəncliyinə və bu sahədəki təcrübəsizliyinə vermək hümanistlik deyil, cahilcə saflıq olar.
İbrahım Nəcəfovun icra hakimiyyəti tərəfindən ondan yüksək məbləğdə rüşvət istənilməsi iddiası və Elnur Rzayevin onu, "mən səndən pul istəmişəmmi?" sualı ilə susdurub, əsas rəhbər olmasına baxmayaraq, özünü "aydan arı, sudan duru" göstərməyə çalışması, heç də təcrübəsiz olmadığını göstərir.
Qeyd edək ki, İbrahım Nəcəfovun iddiaları ilə bağlı aidiyyatı üzrə göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanıb. Qarşıdakı günlərdə bütün bunlar barəsində daha ətraflı məlumatları dərc edəcəyik.