Azerbaycanxeberleritv.az: - Son zamanlar bank adı ilə vətəndaşlara zənglər gəlir, pullar oğurlanır. Vətəndaşlar psixoloji cəhətdən belə vəziyyətlərə necə hazır olmalıdır?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən dedektiv yazıçı, psixoloq Elbrus Kəlbiyev bildirib ki, bu məsələ həqiqətən böyük problemə çevrilib və burada mütləq psixoloji amillərin də önəmli rolu var.

E. Kəlbiyevin sözlərinə görə, insana elə gəlir ki, onu 24 saat ərzində ağlı, şüuru idarə edir. Amma əslində bu belə deyil. İnsan çox zaman instiktiv şüur və şüuraltı vərdiş etdiyi idarəetmə sistemi ilə hərəkət edir. İnsan şüuruna yol onun tənqidi təfəkküründən keçir. İnsan ona nə deyildiyindən əvvəl bunun nə üçün deyildiyini tənqidi təfəkküründən keçirib saniyələr ərzində olsa belə analiz etməlidir.
“Hələ də bu məsələnin cəmiyyətdə bu cür qabarıq olduğu bir zamanda… Tələskənlik insana xas bir xüsusiyyətdir. İnsan ona gələn önəmli bir məlumat barədə dərhal tədbir görmək istəyir və bu an ən çox öz ziyanı yox, mənfəəti barədə düşünür. Ona görə də bir çox hallarda səbirsiz davranıb, bir an düşünmədən onlara gələn müxtəlif zənglərə və ya mesajlara cavab verərək, məxfi kodları verərək tələyə düşürlər. Burada başqa bir amil həmin an insanın əhval ruhiyyəsidir. İnsan emosiyalarda olan vaxt ağıl sanki yatmış olur. Nə etdiyini bilmir. Qərarları həmin an olduğu emosional vəziyyətə görə verir. Məsələn insan ac olduğu vaxt mağazaya girsə lazım olduğundan daha çox ərzaq məhsulları alacaq. Bu vəziyyətdən də xakerlər istifadə edirlər. Məsələn bir nəfər satmaq üçün haradasa elan verib. Müştəri kimi ona zəng edir, məhsulu alacağını, kartına pul köçürtmək istədiyini bildirir. Həmin an insan çox sevinir və çox güclü olan sevinc emosiyası ağlı yenə yatırır. Bütün bunlar nəzərə alınmalıdır. Çətin dövrlərdən keçirik. Elm, texnologiya inkişaf etdikcə bunlardan və psixologiyadan həm də fırıldaqçılar istifadə edirlər. Odur ki, insanlarımız hər zaman tənqidi təfəkkürünü açıq saxlamalıdırlar, həmin anlar hansı emosional vəziyyətlərdə olmalarının fərqində olmalıdırlar, hər bir önəmli qərarlardan əvvəl səbr etməyi, qısa müddətə də olsa pauza verməyi bacarmalıdırlar. Bu barədə gün ərzində, adi vaxtlarda düşünməlidirlər ki, həmin anlarda doğru qərarlar versinlər. Ətrafda baş verənlərə ayıq gözlə baxmaq əslində özündə bunları ehtiva edir. Bu cür hallar tək xakerlərin tələsinə düşməmək üçün yox, bütün önəmli qərarlar üçün vacibdir”, – psixoloq vurğulayıb.