2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.
Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.
Belə olan halda, bu lisey və gimnaziyalarda çalışan musiqi, Rəsm, İdman, Texnologiya kimi fənnlər üzrə dərs deyən müəllimlərin maaşına təsir edəcək. Stabil maaş sisteminə keçmək planı ola bilərmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, lisey və gimnaziyalara qəbul barədə dəyişikliyin müəllimlərin maaşına təsir edəcəyini düşünmürəm.
Ekspertin sözlərinə görə, müəllimlərin maaşı bütövlükdə dərs saatına uyğun olaraq hesablanır. Yəni, müəllimin dərs saatı çoxdursa, onun əməkhaqqısı çoxdur.
“Eyni zamanda müəllimlərin əməkhaqqına təsir edən əsas faktorlardan biri də onların sertifikasiya nəticələri ilə bağlıdır. Düzdür, bütün müəllimlər sertifikasiya cəlb olunmayıblar. Zaman-zaman bu prosesdən keçdikləri təqdirdə müəllimlər maaşlarında bu artım və azalmanı hiss edəcəklər.
Stabil maaş sisteminə gəldikdə isə təbii ki, mən bunu düşünmürəm. Çünki elə müəllim var ki, onun dərs saatı azdırsa, onun əməkhaqqına münasibəti dərs saatı çox olan müəllimin əməkhaqqısına uyğunlaşdırılması düzgün olmayacaq. Bu təbii ki, mümkünsüzdür.
Digər tərəfdən mən hər zaman bu fikirdə olmuşam ki, müəllimlərin əməkhaqqısı zaman-zaman artırılır və artırılmalıdır. Müəllimin maaşı ölkədə ən yüksək əməkhaqqı olmalıdır. Buna da zaman lazımdır. Zaman keçdikcə biz bu münasibəti ümidvaram ki, görəcəyik. Bu stimullaşdırıcı addım olar. Ümumilikdə isə dünyanın hər yerində müəllimlərin aldığı əməkhaqqına yanaşma fərqlidir”.