Azerbaycanxeberleritv.az – İslam tarixinin qanla yazılmış səhifələrindən biri də Həzrət Əli ibn Əbu Talibin (ə) Peyğəmbər Məhəmmədin (s) vəfatından sonra üzləşdiyi haqsızlıqlardır. Ədalətin təcəssümü olan bu böyük şəxsiyyətin haqqı necə tapdalandı? Xilafəti kimlər və necə mənimsədi? Niyə səssiz qaldı? Sual çoxdur, cavablar isə tarixin sətirlərində gizlidir.
Qədir-Xumda deyilən, Səqifədə unuduldu
Hicrətin 10-cu ili – Qədir-Xum hadisəsi. Peyğəmbər (s) minlərlə insan qarşısında buyurdu: "Mən kimin mövlası (rəhbəri) idimsə, bu Əli də onun mövlasıdır." Bu söz sadəcə dini bir məqamı yox, siyasi və ictimai rəhbərliyi də əhatə edirdi. Amma nə baş verdi?
Peyğəmbər (s) vəfat edər-etməz Səqifə Bəni Saide adlı bir yerdə gizli şəkildə xəlifə seçkisi keçirildi. Əbu Bəkr xilafətə gətirildi – Həzrət Əlinin (ə) razılığı olmadan. Nə Qurani-Kərim, nə də Peyğəmbərin (s) son vəsiyyəti nəzərə alındı. Bəs niyə?
Fatimənin (s.ə) evi yandırıldı, haqqı zorla əlindən alındı
Tarix yazır: Həzrət Fatimə (s.ə) – Peyğəmbərin (s) yeganə övladı, Həzrət Əlinin (ə) həyat yoldaşı – xilafət uğrunda gedən mübarizənin qurbanına çevrildi. Evinə hücum edildi, qapı arasında yaralandı, bətnindəki körpə (Muhsin) şəhid oldu. Fatimə (s.ə) ata dərdi, zülm və haqsızlıq nəticəsində qısa bir müddət sonra şəhid oldu.
Məzar yeri bu günə qədər gizlidir. Niyə? Çünki haqsızlığın şahidi idi.
Əli (ə) niyə sükut etdi?Bəziləri soruşur: Əli (ə) niyə səssiz qaldı? Tarix şahiddir – O, İslamın birliyini qorumaq üçün susdu. Qılıncına sarılsa idi, qan töküləcək, din dağılacaqdı. O, xilafətin özünün haqqı olduğunu bilə-bilə, səbir etdi.
Amma bu səbir zillət deyildi – haqqı qorumaq üçün göstərilən müdriklik idi.
25 illik sükut, 5 illik ədalətƏli (ə) 25 il boyunca hakimiyyətdən uzaq saxlandı. Lakin nəhayət, xalqın təzyiqi ilə xilafətə gətirildi. Amma artıq çox şey dəyişmişdi. Müaviyə, Təlhə, Zübeyr, Ayişə – hər biri Əlinin (ə) qarşısında durdu. Cəməl, Siffeyn, Nəhrəvan – ard-arda baş verən müharibələr Həzrət Əlini (ə) təkcə döyüş meydanında yox, cəmiyyətin qəlbində də mübarizəyə vadar etdi.
Onun xilafəti dövrü ədalətin, haqqın, bərabərliyin rəmzi idi. Amma bu ədalət, dünya malına həris olanlara sərf etmədi.
Zərbə ibadət anında gəldi
Hicrətin 40-cı ili, Ramazan ayı, 19-cu gecə. Həzrət Əli (ə) sübh namazı üçün Kufə məscidinə daxil oldu. Səcdəyə getdi və məhz o an – zərbə endirildi. Münafiqlik zəhəri qılınca çəkildi. Şəhid oldu. "Fəztu birəbbil-Ka'bə!" – "Ka'bənin Rəbbinə and olsun ki, nicat tapdım!" – dedi.
Tarix danışır, biz niyə susuruq?
DogruXeber.az olaraq sual edirik: Bu qədər açıq tarixi sənədlər, rəvayətlər, mənbələr qarşısında – biz niyə susuruq? Haqqı susdurmaq mümkündürmü?
Bu gün dünya ədalət və dürüstlük axtarırsa, Həzrət Əlinin (ə) həyatına baxmalıdır. Onun yaşadıqları bir şəxsə yox, bütün insanlığa dərsdir.
DogruXeber.az – Haqqın tərəfdarı, Səssizliyin sındıranı!