Azerbaycanxeberleritv.az: - Paytaxtın mərkəzində – dənizkənarı bulvar kimi prestijli bir ərazidə fəaliyyət göstərən “FERMA ART” restoranında qanunsuz əmək münasibətləri hökm sürür. Redaksiyamıza daxil olan etibarlı məlumata əsasən, sözügedən iaşə obyekti əməkdaşları qeyri-rəsmi şəkildə işə cəlb edir, əmək qanunvericiliyini kobud şəkildə pozur, işçiləri isə istismar edir.
Məlumata görə, bu restoran tərəfindən işə cəlb olunan şəxslərin bir çoxu yaş həddi nəzərə alınmadan işə götürülür. Hətta bəzi hallarda 18 yaşına çatmayan şəxslər də qeyri-rəsmi olaraq, uzun saatlarla işlədilir. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin açıq şəkildə pozulması deməkdir. Qanunvericiliyə əsasən, əmək müqaviləsi olmadan hər hansı bir şəxs işlədilə bilməz və bu hal inzibati və cinayət məsuliyyəti yaradır.
Bununla bitmir.
İşçilərin bildirdiyinə görə, “FERMA ART” restoranında iş saatı qanuni 8 saatdan çox – bəzən 10, hətta 12 saata qədər uzanır, amma buna görə nə əlavə əmək haqqı, nə də istirahət kompensasiyası ödənilmir. Halbuki Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, normadan artıq iş yalnız müstəsna hallarda tətbiq oluna bilər və buna görə əlavə ödəniş edilməlidir.
İşçilər eyni zamanda bildirirlər ki, rəsmi müqavilə bağlanmadığı üçün nə sosial təminatları var, nə də hər hansı hüquqlarını tələb edə bilirlər. Bu isə onların gələcək pensiya hüquqlarından tutmuş, hər hansı istefa, məzuniyyət və ya işlə bağlı zədələnmə halında hüquqi mühafizəyə çıxışını tam məhdudlaşdırır.
Əmək Müfəttişliyi hara baxır?
Belə olan halda sual doğur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusilə Dövlət Əmək Müfəttişliyi Xidməti bu faktlardan xəbərsizdir, yoxsa yenə də “susqun müşahidəçi” rolunu oynayır?
Unudulmamalıdır ki, bu cür istismar hallarına göz yummaq təkcə işəgötürən deyil, həm də nəzarət qurumlarının məsuliyyətsizliyi deməkdir. Rəsmi qurumlar vəzifələrini yerinə yetirmədikcə, belə “qara əmək bazarları” daha da çiçəklənir.
Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, özəl sektor inkişaf etməli, amma qanunlar çərçivəsində! Bu cür restoranlar qazanc naminə insan haqlarını tapdalayırsa, bu artıq təkcə etik yox, hüquqi fəlakətdir.
"
DogruXeber.az" olaraq məsələni diqqətdə saxlayırıq.
PS. Qarşı tərəfin mövqeyi:Məsələ ilə əlaqədar “FERMA ART” restoranı ilə əlaqə saxladıq. Restoranın meneceri kimi təqdim olunan Kənan adlı şəxs redaksiyamıza açıqlamasında səsləndirilən bütün iddiaları təkzib etdi.
DogruXeber.az olaraq qarşı tərəfin mövqeyini təqdim etməyi vacib sayır və ümid edirik ki, aidiyyəti qurumlar bu iddiaları obyektiv şəkildə araşdıraraq müvafiq tədbirlər görəcəklər.