Nizami Təhməzov.
Birinci hissə:
Sirli, möcüzəli təbiət qoynunda yerləşən Mahmudkənd kəndi öz füsunkarlığı ilə insanları valeh edər, onları duyğulandırar, uzun müddət öz təsiri altında saxlayardı. Sinəsi atlas çəmənli vüqarlı dağların ətəyi ilə qıvrıla-qıvrıla axan Arpa çayının həzin zümzüməsi insanların ruhunu oxşayardı. Çayın kənarı ilə nazlı- qəmzəli qızlar kimi ətrafa səpələnmiş saçlarını suda yuyan salxım söyüdlər, güllü-çiçəkli yamaclar, yaşıl biçənəklər buraların gözəlliyini daha da artırardı. Uzun əsrlərin, qərinələrin, qanlı- qadalı illərin canlı şahidi olan Ağrı dağı kənardan elə əzəmətli görünürdü ki, bu mənzərəni seyr edən hər kəs daxilən sevinər, qürur hissi keçirərdi. Kəndə qonaq gələn insanlar bu gözəlliklər diyarının təsiri ilə yaşayar, güc, qüvvət alar, xoş təəssürat və şirin xatirələrlə ayrılardılar.
Mahmudkənd kəndinin təbiəti kimi insanları da gözəl idi. Halallığı, doğru, düzgünlüyü sevər, şərəf və ləyaqətlə yaşayardılar. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan bu sadə zəhmət adamları yalnız öz alın tərilə dolanardılar. Kənddə oxumuş, ali təhsilli, savadlı insanlr da az deyildi. Məhəmməd müəllim də belə ziyalılardan biri idi və kənddə hamı ona böyük hörmət edir, yolunu saxlayardılar. Məhəmməd müəllim mənən böyük, daxilən çox zəngin bir adam idi. Mənən böyük insanlar böyük-böyük işlər görüb dünyanın tarazlığını qoruyub saxlayırlar. Dünyanın tarazlığı insanların xoş əməlində, yüksək arzu və amallar uğrunda apardığı mübarizə əzmində, dərin sevgisi, işıqlı, nurlu fikir və düşüncələrindədir. Məhəmməd müəllimin ürəyi çox yumşaq idi və o, uşaqların və qadınların göz yaşlarına dözə bilmirdi. Böyük ürək ağrısı ilə deyərdi ki, bu acı göz yaşları insanlara, dünyaya qarşı bir ittihamdır. Düşünürəm ki, mənim də burda günahım var. Çünki mən də bu cəmiyyətin, bəşəriyyətin bir üzvü, çağdaş dünyamızın bir sakiniyəm. Körpələrin bu günahsız göz yşlarına mən də cavabdehəm.
O. bir dəfə işdən evə qayıdanda qulağına səs gəldi. Yaxınlıqdakı həyətlərin birində uşaq ağlayırdı, astadan, amma hıçqıra- hıçqıra ağlayırdı:
-Mən ət istəyirəm. Quru çörək istəmirəm. Mənə ət ver...
Anası nə qədər çalışırdı, onu sakitləşdirə bilmirdi :
-Sabah mütləq alacam, oğlum. Ağlama, qurban olram…Mütləq alacam…Qonşular eşidər, ayıbdır.
O. oğlunu dilə tutur, yalvarır, üz-gözündən öpür, uşaq isə inadından dönmürdü.
-Yox, yalan deyirsən. Sən həmişə belə deyirsən. Məni aldadırsan, mən indi istiyirəm…
Zərnişan çox çalışdı, oğlunu sakitləşdirə bilmədi. Müharibə yenicə qurtardığından insanların hamısı eyni taleyi yaşayır, bir qarnı ac, bir qarnı tox dolanırdılar. Ikinci Dünya Müharibəsinin dalğaları buralarda da ac qurd kimi özünü göstərirdi. Ölkə rəhbərliyinin “Her şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışına insanlar evlərindəki son ümidi olan yorğan-döşəklərinin də yununu. pambığını çıxarıb dövlətə təhvil vermişdilər. Və hər gün səhərdən axşamacan tarlada işləsələr də qazancları az idi. Zərnişanın həyat yoldaşı müharibədən qayıtmamışdı, onun gözləri yolda, qulaqları səsdə idi. O, oğlunun göz yaşlarına dözə bilməyib onu qucqladı, bağrına basdı, hönkürdü… Hönkürdü və…
Məhəmməd müəllimin çiyinlərindən sanki ağır bir daş asılmışdı. Nə qədər çalışırdı, yeriyə bilmirdi. Qulaqlarını tutdu. Səs yenə gəlirdi. Sanki beynində ildırım çaxdı, gözlərində şimşək oynadı.
O, çöl qapını açıb ağır addımlarla içəri girdi. Sinəsi tez-tez qalxıb enirdi. Sanki havası çatışmırdı. Bu mənzərə onun bütün valığını titrətmişdi.
-Məhəmməd əmi, Məhəmməd əmi…- Uşaq sevinclə onun üstünə atıldı.
Zərnişan sanki heykəl kimi donub yerində qalmışdı. Nə edəcəyini blmirdi…Utandiğındanmı, ya nədənsə hələ də hərəkətsiz halda dayanmışdı.
Əlindəki yükün ağırlığından Məhəmməd müəllim ylnız indi bildi ki, ev üçün aldığı şeylərin içərisində ət də var. O, sevindi. Bəlkə də son illər həyatında birinci dəfə idi ki, belə qəlbən, sidq ürəkdən sevindi. Sifətində təbəssüm oynadı. Balaca Nurlanı qucağına alıb üzündən öpdü. Sonra cibindən olub-qalan pulunu çıxarıb onun köynəyinin balaca döş cibinə qoydu. Gətirdiyi şeyləri pilləkənin yanındkı taxtaya vurulmuş mismardan asdı:
-Bunların hamısı sənindir, - dedi, sonra əlavə etdi :- Nə istəsən alacam, bir də ağlama…Yaxşımı?...
-Hə…Hə…- Nurlan döş cibindəki pulları çıxarıb anasına göstərdi.- Bir bax, nə qədər puldur, ana. Hamısı bizimdir. Məhəmməd əmi verdi.
O, sevincindən atılıb- düşür, yanaqlarına qədər süzülmüş göz yaşlarını əlinin arxsaı ilə silir, sonra da Məhəmməd müəllimin dizlərini qucaqlayırdı…
Zərnişan nə edəcəyini bilmirdi. Bilmirdi etiraz eləsin, yoxsa Məhəmməd müəllimə dərin minnətdrlığını və təşəkkürünü bildirsin. Qəhərlənmişdi. Qəhər onu boğurdu. Ürəyi elə şiddətlə döyünürdü ki, az qalırdı köksünü yarıb şölə çıxsın. Gözləri bulud kimi dolmuşdu. Məhəmməd müəllim həssas adam idi.Onun nələr keşirdiyini duyur, bu ağır səhnənin təsirindən gövrəlir, özünün də bilmədiyi qəribə, anlaşılmaz hisslər keçirirdi. Qadının yanaqlarından süzülən ixtiyarsız göz yaşları onun qəlbini didib parçalayırdı.
O, özünü güclə toplayıb qapıya tərəf addımladı. Dərindən nəfəs aldı. Dayandı. Arxaya şevrilib nəsə demək istəyirdi ki, Zərnişan onu qabaqladı:
-Bağışlyın, Məhəmməd müəllim. Vallah deməyə söz tapmıram, zəhmət çəkdiniz. Siz…Siz…
O, sözünün ardını gətirə bilməyib hönkürdü. İki əlli üzünü tutdu. Məhəmməd müəllim də kövrəldi, amma özünü tez ələ aldı:
-Ağlama, qızım, sən də mənim bir balam, - dedi. - Yaman günün ömrü az olar. Hərdən bir bizə də gəl, Xanım ananın halını soruş.İnşallah, yoldaşın da qayidacaq. Nurlan da yekəlib İnstitutda oxuyacaq. Bütün çətinliklər arxada qalacaq…
Zərnişan gündüzlər kolxozda işləyir, gecələr əlinə düşən pambıqdan, yundan corab toxuyub satardı. Çox fədakar və namuslu bir qadın idi. Böyük qızı dördüncü sinifdə oxuyurdu. Məhəmməd müəllim bu ailəni heç vaxt unutmazdı. Hərdən uşaqlara pal-paltar alradı. Nurlanın sevinci yerə-göyə siğmazdı. Onda sanki Məhəmməd müəllim də sevinərdi. Sevinərdi və Nurlanı başı üzərinə qaldırıb atıb- tutar, sonra da olanından çıxarıb cibinə qoyardı. Məhəmməd müəllim çox böyük ürək sahibi idi. Onun fikrincə, insan yalnız özü üçün yaşamamalı, imkan daxilində kimsəsizlərə, yetim- yesirə əl tutmalıdır…
Bir dəfə Məhəmməd müəllim rayon mərkəzinə getmişdi.Hava çox soyuq idi, Bu yerlərin qışı çox sərt keçərdi. Adamın iliyinə qədər işlyən şaxta az qalırdı ki, adamı lap dondursun. O, ac olduğundan bərk üşüyürdü. Bir qədər gəzdikdən sonra gəlib bir yeməkxananın qarşısında dayandı.
Qulağına səs gəldi, əvvəl elə bildi radionun səsidir. Sonra hiss etdi ki, içəridə yeyib- içən və özlərini sərxoş halına gətirən gənclərin səsidir. Bu səslər ona yaxın olduğu qədər də uzaq idi. Elə bil hardasa dünyanın ən ucqar bir guşəsində dərd- sərdən uzaq bu adamlar hündürdən danışır, oxuyur, zarafatlaş, şənlənirdilər. Bu haylı -küylü səsdən adamın qulağı tutulurdu. Sanki dünyanən ən ucqar güşəsi qədər , bu adamlar müqəddəs hisslərdən, insanlıqdan, şərəf və ləyaqətdən bir o qədər uzaq idilər.
Məhəmməd müəllim ikrah hissi ilə burdan uzaqlaşmaq istədi. Elə bir-iki addım getmişdi ki, qapı bərk açıldı. Qeyri- ixtiyalı çevrilib arxaya baxdı. Güclə ayaq üstə duran orta yaşlı bir kişi balaca bir oğlan uşağının qulağşndan tutub çölə itələdi.
-İt küçüyü, dedim axı, rədd ol burdan. Sənə heç zəhər də vermərəm…
Uşaq iki dəfə yerə yıxıldı. O, isə qapını zərblə örtüb içəri girdi. Deyəsən uşağın burnu və alnı qanamışdı. Cırıq şalvarından dizləri görünürdü. Soyuqdan göm-göy göyərmiş dodaqları titrəyirdi. Çuxura düşmüş gözləri sanki ümid diləyirdi. O. qorxusundanmı, həyəcandanmı, ya şiddətli soyuğun təsirindənmi saralmış payız yarpağı kimi əsirdi. Ovurdları boşalmış tuluq kimi bir-birinə dəyirdi. Sinəsi tez-tez qalxıb enirdi.
Məhəmməd müəllim onun yanına gəlib yerdən qaldırdı. Bu, olduqca arıq və çəlimsiz bir uşaq idi. Çəlimsiz deyəndə elə bil ölü idi, ayaq üstə güclə dayanmışdı. Ayaq üstə güclə dayanan bu uşaq qorxusundn bir az geri çəkildi:
-Əmi, məni vurma, mən oğru deyiləm.
Hələ də üz-gözündən qan axan bu uşağın qorxa-qorxa dediyi sözlər Məhəmməd müəllimin qəlbini göynətdi. Onun bərabərliyinə əyilib cib dəsmalı ilə yaralarını sildi. Sonra onun iki çiynindən tutub mehribanlıqla soruşdu :
-Sənin adın nədir ?
Uşaq hələ də hıçqırırdı. Güclə eşidilən titrək bir səslə dedi:
-Na…Na… Nadir.
Məhəmməd müəllim baxdı ki, Nadirin ayağındakı ayaqqabılar tamam dağılıb.Dağılıb deyəndə heç geyiləsi yoxdur. Kəndirlə güclə ayaqlarına bağlayıb.O, Nadirin əlidən tutub yaxınliqdakı başqa bir yeməkxanaya gəldi.Yaxşı ki, içəri isti idi. Bir az isinəndən sonra Məhəmməd müəllim Nadirdən soruşdu:
-Sənin neçə yaşın var ?
-Altı.
-Burda kimin var ? Harda yaşayırsan?
-Balaca bir otağımız var. Anamla yaşayıram.
-Bəs atan hardadır ?
O, dinmədi. Başını aşağı salıb dyandı. Məhəmməd müəllim şəhadət barmağı ilə onun alt çənəsini yuxarı qaldırdı.Sonra saçlarını oxşdı. Bəlkə də həftələrlə başına su dəymirdi…
-Bağışla, oğlum, bilmirdim atan ölüb. Allah rəhmət eləsin.
-Atam ölməyib, bizi atıb gedib.- Nadir özünü saxlaya bilmədi, hönkürtü ilə Məhəmməd müəllimi qucaqladı. Bir az beləcə qaldı, sonra cibindən bir kağız çıxarıb Məhəmməd müəllimə verdi:
- Anamın dərmanlarıdır, xahiş edirəm, bunları mənə alın. Çox xahiş edirəm.
Elə bu vaxt xidmətçisi kababları.gətirdi.Məhəmmməd müəllim də səhərdən heç nə yeməmişdi. Bərk ac idi. Lüləkabablardan tələsik götürdü, Nadirə də verdi. İştahla yeməyə başladı, bir də baxdı ki, Nadir başını aşağı salıb dyanıb.
-Nə oldu, niyə yemirsən? – deyə təəccüblə soruşdu. – Narahat olma, əlbəttə, dərmanları da alacağıq.
Nadir qorxa-qorxa, bir az da ehtiyatla:
-Allah köməyiniz olsun, - dedi.- Amma mən öz payımı anama aparacam. O, üç gündür acdır.
Məhəmməd müəllimin tikəsi boğazında qaldı. Tez bir qurtum su içib dedi:
-Sən çörəyini ye,mən onu fikirləşmişəm, narahat olma.
Nadirin sevincdən gözləri parladı. Əslinə qalsa onun özü də heç nə yeməmişdi. Üç gündən çox idi ki, əlinə heç nə keçmirdi...
…Onlar “Uşaq aləmi” mağazasına çatanda Məhəmməd müəllim dayandı. Nadir bir mağazaya, bir Məhəmməd müəllimə baxıb dedi:
-Məhəmməd müəllim, mən gedim ?
-Hara gedirsən, ardımca gəl.
Məhəmməd müəllim qapını açıb içəri girdi.Mağazadan gələn isti, ətirli hava onları vurdu. Nadir içəri girmək istəyəndə satıcı qız onun sinəsindən geri itələyib gobud tərzdə dedi:
-Hara soxulursn, çıx çölə!..
Məhəmməd müəllim satıcı qızın səsinə arxaya çevrildi. Qıza baxıb çox sərt bir şəkildə dedi:
-O mənimlədir.
-Hə, hə, əlbəttə. Bağışlayın, - deyə satıcı qız gerı çəkilib Nadirə yol göstərdi,-buyurun, buyurun.
Onlar mağazada xeyli gəzdilər. Əslinə qalsa bu Nadirin lap ürəyindən idi. Əməlli-başlı isinir, ömründə heç vaxt görmədiyi şeylərə baxırdı…
Məhəmməd müəllim bəyəndiyi bir paltonu Nadirə geyindirib o tərəf, bu tərəfinə baxdı, ona çox yaraşırdı.
-Lap sənin əyninədir ki,- dedi,- Bir bu ayaqqabıları da gey. Bax, belə, gor nə gözəldir?
Nadirin solğun sifətində təbəssüm oynadı:
-Məhəmməd müəllim, bunları mənə alırsan?
-Bəs necə?- deyə Məhəmməd müəllim mehribanlıqla əlini onun saçlarında gəzdirdi. – Səndən başqa kim üçün almalıyam ki?
O, duruxdu. Qaşları çatıldı:
-Axı bunlar çox pul eliyir. Sonra dərman ala bilmərik.
-Sən narahat olma, yekə kişisən, - deyə Məhəmməd müəllim ona ürək-dirək verdi, hələ bir zarafat da elədi. – Pul nədi, sənin kiçiyin.İnşallah, yekələrsən, bir işin sahibi olarsan, onda sənnən puldan danışrıq.
Nadir ürəkləndi :
-Əlbəttə, anam deyir ki, yekələndə prokuror olacağam…
-Prokuror niyə? – deyə Məhəmməd müəllim maraqla soruşdu. Sonra sınayıcı nəzərlərlə ona baxdı, - Prokuror nədi yəni?
Nadir qorxurmuş kimi bir az geri çəkildi:
-Prokuror da, o adam tutanı deyirəm.
-Adamı nyə tutursan?
-Hər adamı yox, Məhəmməd müəllim, oğruları. quldurları…Bir də…Sözünün ardını gətirə bilmədi, qəhərləndi.
-Yenə nə oldu? – deyə Məhəmməd müəllim soruşdu. – Bir də nə?...Sözünü həmişə kişi kimi de. Ağlamağı-zadı yığışdır…
-Bir də mənim kimi uşaqlarını, ailəsini atıb gedənləri deyirəm. Bizi başqalarına yük eliyənləri deyirəm.
Məhəmməd müəllim onun saçlarını sığalladı. Əyilib üzündən öpdü:
-Her şeyi ürəyinə salma, oğlum, bu həyatdır. Amma sən mütləq prokuror olmalısan, inşallah. Sən ağıllı uşaqsan. İndi gedək anana dərman alaq. Səni evinizə qədər aparacağam.
Nadirin sevincindən gözləri yaşardı. Bir müddət Məhəmməd müəllimin üzünə baxıb ciyər dolusu nəfəs aldı.Dodaqları səyridi. Bu dəqiqə ona dünyalar qədər sevinc bəxş edən Məhəmməd müəllimdən başqa kimsəsi yox idi. Məhəmməd müəllim onun son ümidi idi…
***