azerbaycanxeberleritv.az » Gündəm » Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Altıncı hissə
Gündəm / Mədəniyyət / Dün, 19:28

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Altıncı hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) -  Altıncı hissə

Nizami TƏHMƏZOV

XALİDƏ HİCRAN
(Roman)
Altıncı hissə

I hissə + II hissə + III hissə + IV hissə + V hissə


-Axı, mən onları özüm üçün çəkmişdim, ata. Üzə çıxarılası bir şey deyillər...
Məhəmməd müəllim fərəhlə dilləndi:
-Yox, qızım, yox. Onlar heyrət etdilər. Orta məktəb şagirdinin belə rəsmlər çəkdiyinə çox təəccübləndilər.
-Nə deyim, ata, özün bilən məsləhətdir. Öyrəndiyim, bildiyim hər şey üçün sənə minətdaram. Mən hər şeyi səndən öyrənirəm.
Elə bu vaxt Xanım samovarı gətirib stolun üstünə qoydu. Sonra ərinə baxıb dedi:
-Gərək belə etməyəydin. Uşaq nəfəsini almamış geri qaytrdın.
Məhəmməd müəllim tərs-tərs ona baxdı:
-Sən qarışma, çay süz.
-Sən əyləş, mən süzərəm, ana, - deyə Xalidə ayağa durdu. Iki stəkan çay süzüb oturdu.
- Bəs sən ?
-Mən hələ əl-üzümü yumamışam.
-Biz qoyduq ki, uşaq əməlli – başlı istirahət eləsin?
-Elə demə, ata, bu evdə nə baş verirsə, mənə də aiddir. Siz çayınızı için, mən indi gəlirəm.
O, getdi. Məhəmməd müəllim qızının ardınca baxıb qürurla dedi:
-Allah qorusun. Çox istedadlıdır. Katib deyir ki, biz belə istedadli, bacarıqlı uşasqları tapıb üzə çıxarmalıyıq.
-Apardığın rəsmləri bəyəndilər?
-Əlbəttə. Bəyəndilər də sözdür? Fitri istedad həmişə, hər yerdə özünü göstərir. Qızılı sürtəndə parlayar, istedad da işlədikcə üzə çıxar, tanınar. Əgər yazdığın bir əsəri çap etdirə bilməyəcəksənsə, heç onu yazmağa dəyməz.Yazıçı Əbülfəz Abasquliyev həmişə mənə deyərdi ki, sən çox istedadlısan, amma yazdıqlarını çap etdirmirsən. Onda o yazdıqların kimə lazımdır ? Axırın da gördün də, biri məni get-gələ salıb axlrda pyesimi öz adına tamaşaya qoydurdu.
Xanım təəssüflə dedi:
-Hə, o vaxtlar yaxşı yadımdadır. Amma Əbülfəz müəllim çox dedi, çox eşitdirirdi sənə. Heç cür inanmaq istəmirdin. Heyif o əsərdən.
-Ona görə də istəmirəm Xalidənin çəkdiyi əsərlər ev dustağı olsun. Katiblə Maarif Şöbəsinin müdiri deyir ki, Xalidənin çox parlaq gələcəyi var. İstəyirlər Rayon Pionerlər Evində onun fərdi sərgisini açsınlar. Ona görə də məktəbdəki rəsmlərin hamısını yığıb birlikdə rayona apardılar.
Elə bu vaxt Xalidə gəldi, özünə çay süzüb atasına dedi:
-Düzdü, danışdıq. Amma düşünürəm ki, mənm onlarla görüşməyimin heç bir mənası yoxdur.
Məhəmməd müəllim təəccüblə qızının üzünə baxdı:
-Axı, sən dedin ki, rəssam olacaqsan?
-Hə, ata, əlbəttə. Nə olub ki?
Məhəmməd müəllim ciddi görkəm aldı :
-Axı, mən həmişə sənin yanında olmyacam ki, işlərini harasa daşıyım, kiməsə təqdim edim, söhbət aparım? İndi ki, bu sənəti seçmisən,bu yolun yolçususan, gərək hər işlərini özün həll edəsən.
Xalidə xeyli fikrə getdi. Qaşları çatıldı. Və sanki, yalnız indi dərk etdi ki, harasıdır, qarşıda onu xeyli çətinliklər, keçiməz sədlər, yollar gözləyir. Və nə qədər ağır olsa da o, bu yolları tək, tənha getməlidir. Bu onun öz seçimi, öz tutduğu yoldur.Atasının nə demək istədiyini yalnız indi başa düşdü. Gələcəkdə onu nələr gözlədiyinin ağırlığını duydu. Yalnız yorğun düşüncələri onu tərk edəndən sonra rahat nəfəs aldı.
Məhəmməd müəllim :
-Nə çox fikrə getdin, qızım? – deyə soruşdu.
Xalidə dedi :
-Hə, ata, əlbəttə, sən düz deyirsən.Biz mütləq görüşməliyik. Elə bil məmim qolumdan tutub qəflət yuxusundan oyatdın. Mən heç vaxt bu barədə düşünməmişdim.
Xanım söhbətə qarışdı:
-Özünü çox dərinə salma, qızım, - dedi. – Hər şeyin öz vaxtı var.
-Hə,ana, Amma elə şeylər var ki, onu vaxtında öyrənmək daha faydalı olur. Özün mənə həmişə demisən ki, fürsəti heç vaxt əldən vermə, o əldən gedəndən sonra gec olur. Hardasa oxumuşam ki, insanlar çox vaxt zamanı günahlandırırlar, amma zamanın dili olsaydı, onları utandırardı.Bu fikir mənim çox xoşuma gəlir. Çox gözəl fikirdir. Atamın hər bir sözü başa düşən insanlar üçün xəzinədən qiymətlidir. Mən yalnız indi-indi başa düşürəm ki, nə üçün hər gecə bizə adamlar gəlir, nəsihətli sözlərə qulq asır, məsləhət alırlar. Mən qazanacağım hər bir uğur üçün yalnız sizə minnətdar olacağam.
-Blə demə,qızım, - deyə Xanım dilləndi.- Biz öz borcumuzu yerinə yetiririk. Övladının hər bir uğuru, onun hər bir qələbəsi, valideynin sevincidir. Heç bilirsən atan səninlə necə qürurlanır ?
-Valideynin sevinci övladın mükafatıdır, ana.Mən də Sizinlə qürur duyur, şərəflənirəm. Allah Sizi həmişə xöşbaxt, sağlam eləsin.
-Yoxsa bunun kimi ? – Nadiri nəzərdə tutur, - Bu mənim başımı yerə soxur.
-Elə demə, ata. Nadir tək deyil, hamı daşıyır. – Sonra Xalidə gülə- gülə əlavə etdi, - Belə bir atalar sözü var : “ Palaza bürün, elinən sürün”.
Hamı ürəkdən güldü. Xalidə zarafatla dedi:
-Mənim maraqlı bir ideyam var.
Məhəmməd müəllim :
-O nə ideyadır eıə? – deyə soruşdu. – Bilirəm ki, sən elə-belə söz deməzsən. Xalidə atasının çox ciddi yanaşdığını görüb fikrini dəyişdi :
-Mən zarafat edirdim,ata. İstədim bir az güləsiniz, Ancaq alinmadı.
Məhəmməd müəllim və Xanım qızlarınin xasiyyətinə yaxşı bələd idilər. Bilirdilər ki, o, çox zərif və incə bir qızdır. Çox həssas ürəyi var. Kiminsə qəlbinə dəyməyi, incitməyi böyük qəbhət sayardı. Odur ki, Məhəmməd müəllim ehtiyatla dedi:
-Sən sözünü de, qızım, özümüzük, elə- belə söhbət edirik.
Xalidə atasının sözündən çıxmadı:
-Elə bir şey deyil, ata. Bildiyiniz kimi bizim məktəbin divar qəzeti var.
-Əlbəttə, bilirik. Bunu tək biz yox, kənd camaatının çoxu bilir, - deyə Xanim fərəhlə dilləndi.
-Hamı sənin çəkdiyin karikaturalardan danışır. Səlmi arvad deyir ki, bizim uşaq siqaret çəkirdi, divar qəzetində karikaturası çıxandan sonra deyəsən tərgidib. Daha nəfəsindən tütün iyi gəlmir.
Xalidə təəssüf hissi ilə dilləndi:
-Amma deyəsən məndən inciyib ? Görəndə baxışlrını gizlədir.
Məhəmməd müəllim gülə-gülə dedi :
-Amma mən əksinə, rəssamların qəlbini ləkəsiz güzgüyə bənzədirəm. Bütün canlı və cansızlar orda real əks olunur.
Atasının bu sözündən Xalidənin çəx xoşu gəldi,sevindi :
-Sağ ol, ata, - dedi.- Bu nə gözəl fikirdir. “Rəssamların qəlbi ləkəsiz bir güzgüdür” Bir az düşünəndən sonra başa düşdüm ki, bu, həqiqətən də belədir. – Sonra o, həvəslə danışmğa başladı. – Mənim zarafatla demək istədiyim ideya bundaan ibarətdir ki, kolxozda da “Dostluq şarjı” açaq. Dövlətin malina xor baxanların,oğurluq edənlərin karikaturasını çəkib orda verək, Görək ondan sonra bir nəfər də kolxozun malına əyri gözlə baxarmı?- Sonra o, gülə-gülə əlavə etdi, - Əlbəttə, mən zarafat edirəm.
-Yox, qizim, yox, - Məhəmməd müəllim qeyri-ixtiyarı ayağa durdu. – Çox gözəl fikirdir, gözəl ideyadır.
O, bir az həyətdə gəzib arvadına dedi:
-İsti bir çay süz. – Sonra gəlib qızının qarşısında dayandı. – Bu barədə kolxoz sədri ilə mütləq danışmaq lazımdır. Bu çox vacib məsələdir. Elə günü bu gün mən danışaram.
Xalidə ayağa durdu:
-Mən zarafat edirdim, ata. Dedim bir az gülək. Sənin damla-damla yığdıqlarını mən birdən- birə dağıda bilmərəm.
-Bu nə deməkdir, qızım?- deyə Məhəmməd müəllim təəccüblə onun üzünə baxdı. – Sənin dediyindən heç nə başa düşmədim. Mən nəyi yığmışam, sən nəyi dğıdırsan? Bir fikrini açıq izah elə görüm nə demək istəyirsən?
Sonra o, mənalı bir tərzdə arvadının üzünə baxdı. Xanim çiyinlırini çəkib dedi :
-Vallah, mən də heç nə başa düşmədim.
-Niyə ki? Mən ki, açıq danışdım. Hər axşam bizə neçə-neçə adamlar gəlir. Dərdini danışır, məsləhət istəyir. Onlar necə məmnunluq, razılq hissi ilə gedirlər. Eşitdiyimə, bildiyimə görə neçə-neçə imkansızlara əl tutursan, kömək edirsən. Bunları artıqdan eləmirsən, bizim boğazımızdan kəsib eləyirsən. Və düz də edirsən. Ona görə ki, sən Məhəmməd müəllimsən. Hamı sənn yolunu, hörmətini saxlayır, xatirini çox istəyirlər. Yadımdadır, bir dəfə Azərbaycan Pedaqoji İnstitutunun müəllimi, professor Əhəd Hüseynov bizə gələndə nə demişdi?
-Nə demişdi, qızım ?- deyə Məhəmməd müəllim təəccüblə soruşdu. – Düzü, fikir verməmişəm.
-Demişdi ki, əgər mən bura gəlməsəydim, gözlərimlə görməsəydim və şahidi olmasaydım, inanmazdım ki, insanı bu qədər sevər, hörmət edərlər. Sən xöşbəxt adamsan, Məhəmməd. Sağlkən özünə rəhmət qazanansan.
Məhəmməd müəllim dərindən nəfəs aldı:
-Hə,deyəsən belə bir söhbət olmuşdu.
-Deyəsən nədi, a kişi? Xalidə düz deyir, mənim indiki kimi yadımdadır. Hələ onu da demişdi ki, mən sənin kimi kənd ziyalıları ilə fəxr edirəm. Hətta Bakının özündə belə ziyalılarımız azdır...
-İndi ona görə sənin damla-damla qazandığın hörmət – izzəti mən nəyinsə xatirinə bir karikatura ilə dağıda bilmərəm. – O, bir az duruxub sonra əlavə etdi. - Mənim karikturasını şəkib güldürmək istədiyim admlar bilirsən kimlərdir ? Əlacı, imkanı olmayan, səndən kömək , imdad istəyən, məsləhət üçün evinə gələn kasıb, yazıq , ehtiyac içində olan insanlardır. Onları incitmək, güldürmək olmaz.
Məhəmməd müəllim fikrə getdı, alnı qırışlandı.
-Kolxozun özü insanlara kömək etməlidir. – deyə Xalidə söhbətiə davam elədi, - Səhərdən axşama qədər tarlada günün altında işlədir, verdiyi əməkhaqqı heç çayına-qəndinə, çörəyinə çatmır. Hələ geyim- kecimini, insan kimi yaşamağını demirəm. Hələ bir dostluq şarjı çəkib bunları məsxərəyə qoyaq ?..
Məhəmməd müəllim :
-Düz, deyirsən,qızım, - dedi. – Mən işin bu tərəfini düşünməmişdim. Əslinə qalsa mənim bu dövlətdən , bu qanunlardan o qədər də xoşum gəlmir. Dyəsən fikrimi düzgün demədim? Yəni bu dövləti idarə edənləri, onların yerlərdəki nümayəndələrini nəzərdə tuturam..” Şərq qapısı” qəzetində redaktor işləyəndə çox böyük eybəcərliklər gördüm. Çox böyük haqsızlıqların, qanun pozuntularının, əliəyriliyin, rüşvətxorluğun şahidi oldum Mən onlarla bacara bilmədim. Çünki onlar böyük bir şəbəkə, böyük bir sistem yaradıblar
- Yaxşı, yaxşı, -deyə Xanım etiraz elədi. – Qızı siyasətə sürükləmə. – Yaxşı olar ki, Maarif müdiri ilə gələcək görüşünüzdən damışın.
Xalidə ürəklə dedi :
-Narahat olma, ana.Mən bütün görüşlərə, danışıqlara tam hazıram. Atam bayaq mənə hər şeyi ətraflı izah etdi, başa saldı.O günü direktorla kabinetində yüngül söhbətimiz oldu. Düşünürəm ki, narazı qalmadı.
-Nədən danışdınız?
-Yəni ümumi bir söhbət idi, dərsdən, mütalədən, məktəbin gündəlik qayğılarındn...
Məhəmməd müəllim fərəhlə dedi :
-Mən qızımın savadına, mütaliəsinə bələdəm. Zirzəmidə oxumadığı kitab qalmadı.
Xalidə :
-Sağ ol, ata. – dedi. – Yaxşı ki, bu kitablrı vaxtında almısan, yoxsa mən nə edərdim? Direktorumuz sual verdi ki, axırıncı dəfə hansı kitabı və nə haqqında oxumusan ? Mən də dedim ki, iki gün bundn əvvəl alzqeymer haqqında oxumuşam.
-Nə ? – deyə təəccüblə soruşdu.
-Alzqeymer, - dedim. – Yəni beyn hüceyrələrinin vaxtından əvvəl ölməsi, yaddaşın günbəgün zəifləməsi, itməsidir.
O, mənə tərəf əyilib astadan dedi :
-Qızım, sən ağıllı, əlaçı şagirdsən, Bunun bədii mütaliəyə, nə dəxli var ?
O, bu sözləri deyib maraqla üzümə baxdı.Hiss etdim ki, bu mövzu onun üçün maraqlı deyl. Söhbəti dəyişmək istədim. Qoymadı, dedi ki, bunu mənı izah elə sonra. Mən də ətraflı danışdım. Dedim ki, alzqeymerlər haqqında oxumaq bütün uşaqlara lazımdır. Çünki sistemli və mütəmadi mütaliə təfəkkürü, beyni inkişaf etdirir, beyn hüceyrələrinin vaxtından əvvəl sıradan çıxmsının qarçısını alır. Mütaliə həm də informasiya bolluğunu artırır. Hündürdən mütaliə etmək nitq inkişafını yüksəldir.
O, mənə diqqətlə qulaq asdı. Axırda soruşdu :
- Yaxşı, de görüm mütaliə sənin üçün nədir ?
- Mütaliə mənim üçün hər şeydir, - dedm. - Ümumiyyətlə, mən həyatımı mütaliəsiz təsəvvür etmirəm. Belə deyərdim, mütaliə şüurlu insanı bioloji varlıqlardan fərqləndirən elə bir vasitədir ki, o təbiətin, cəmiyyətin inkişafını, onun qanunlarını öyrənməkdə insana yardım edir. Bundan imtina edənlərin bioloji varlıqlardan o qədər də fərqi olmaz
Direktor ucadan güldü. Elə güldü ki, səsinə qonşu otaqdan müəllimlər gəldi.
-Gəlin, gəlin,- deyə direktor onları içəri dəvət etdi. – Özümüz də hiss etmədən illər bir-birini əvəz edir. Fəsillərin necə dəyişdiyini də bilmirik. Bir də baxırıq ki, şagirdlərimizin səsi respublika qəzetlərindən, yüksək tribunalardan gəlir.
Onlar Xalidəni yaxşı taniyirdılar. Yaxşı tanıyırdılar deyəndə savadına, biliyinə, bacarığına yaxşı bələd idilər. Müəllim üçün ən böyük sevinc şagirdlərinin xoş sədası, yüksək zirvələrə ucalmasıdır. Xalidə bu yüksəkliyin astanasında idi...
Direktor fərəhlə dedi:
-Qızım, bilirəm ki, sən rəssam olacaqsan. Rənglər sənin üçün nədir ?
Xalidənin bu sualdan çox xoşu gəldi. Könül rahatlığı ilə dərindən nəfəs alıb dedi :
-Rənglərin öz sirli bir dünyası var. Rənglər mənim üçün işıqdır, nurdur, həyatdır. Rəngləri duymaq, səsini, harayını eşitmək, fəlsəfi anlamını, mahiyyətini başa düşmək, dərk etmək çox çətindir..
-Sən necə, qızım, o dediklərini dərk edirsənmi? – deyə direktor maraqla soruşdu.
-Əlbəttə, rəngləri sevmədən, onun dilini bilmədən rəssam olmaq çətindir. Əgər mənim çəkdiklərim bəyənilirsə, bu mənim rənglərlə dil tapmağımın nəticəsidir.
O, bu sözləri deyib direktora baxdı
-Müəllim, olar əlavə bir söz deyim?
-Əlbəttə, qızım, əlbəttə. Biz elə-belə söhbət edirik. Urəyin nə istəyir de.
Müəllimlər bir-birinin üzünə baxdı.
Xalidə dedi :
-Mən hardasa, bəlkə də atamın qədim kitablarının hansındasa oxumuşam ki, qədim Türk mifologiyasının bir qolunda rənglər dünyanın başlanğıc kərpicləridir, dünya o kərpiclərdən ibarətdir. Əlbəttə, bu, mənə görə mifik bir düşüncədir. Lakin maraqlı odur ki, ta qədimdən rənglər insanları maraqlandırıb. Məsələn, Göyqurşağının rəngləri məni çox maraqlandırır. Mən onun sehrindən çıxa bilmirəm. Düşünürəm, düşünürəm...
Müəllimlərdən biri sual verdi :
-Bəs Göyqurşaəı nədən yaranır, Xalidə, onu bilirsənmi ?
Xalidə səs gələn tərəfə çevrildi, Fizika müəllimi idi, gülümsündü, başı ilə salam verib dedi :
-Oxuduğuma görə havada, atmosferdə su damcılrında işığın sınması nəticəsində Göyqurşağı yaranır. Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük və müxtəlif rəngli qövslər əmələ gəlir. Bax, məni düşündürən qövsdəki bu rənglərin mənşəyi, mahiyyəti və fəlsəfəsidir. Ümumiyyətlə, mənə elə gəlir ki, təbiətin özü Allahın birinci yaratdığı möcüzədir.
...Xalidə məktəbin direktoru haqqında elə həvəslə, elə ürəkdolusu danışdı ki...Məhəmməd müəllim də, Xanım da çox böyük maraqla qızlarının söhbətinə qulaq asırdılar.
-Mən onu bu qədər sadə, təvazökar, xeyirxah bir insan kimi bilmirdim, ata. Amma danışdıqca, suallar verdikcə onu daha yaxından tanıyır, necə böyük ürək sahibi olduğunu, şagirdləri necə sevdiyini aydınca hiss etdim. Hiss etdim ki, hər bir şagirdin taleyi onu maraqlandırır.Əlaçı uşaqlarımız haqqında, elə mənim özüm haqqında elə danışır və tərifləyirdi ki, düzü, mən təəccüb edirdim. Bu illər ərzində direktorumuzu belə yaxşı tanımdığıma görə çox təəssüflənirəm. Mən orda bir həqiqəti dərk etdim ki, bilikli, savadlı adamlra heç yerdə zaval yoxdur. Və blə insanlari hər yerdə sevir, hörmət edirlər.
Məhəmməd müəllim kətili yaxın çəkib qızının saçlarını sığalladı:
-Maraqlıdır, de görüm direktor başqa nə soruşdu?
-Dedi ki, söz haqqında sənin fikrin nədir?
-Bəs sən nə dedin?
Xalidə ani fikrə getdi..
-Qızı çox yorma, - deyə Xanım ayağa durdu .
Məhəmməd müəllim :
-Sən samovara kömür at, çayları dəyişdir. Mən bilərəm, qızım bilər.Bu gün- sabah məktəbi qurtarıb İnstituta gedəcək. – Sonra Xalidəyə dedi, - Hə, qızım, sən nə cvab verdin ?
-Düzü, mənim söz haqqında özəl fikirlərim var. Bəlkə də başqalarına qəribə gələr, ancaq mən hesab edrəm ki, söz Allahın möcüzələrindən biridir.

Ardı var...

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.