azerbaycanxeberleritv.az » Gündəm » Şeirə, sözə vurğun insan
Gündəm / Mədəniyyət / 24-05-2025, 13:07

Şeirə, sözə vurğun insan

Şeirə, sözə vurğun insan

Gəlin, şeirə, sözə vurğun olan bu insanla yaxından tanış olaq:

"Azerbaycanxeberleritv.az" "MUMtv.az"a istinadən qeyd edir ki, Adil Turablı 1969-cu il mayın 8-də Cəlilabad rayonunun İnili kəndində "Nərgizli" təpəsinin ətəyində kasıb bir ailədə dünyaya göz açıb. O, kiçik yaşlarından zəhmətə, çətinliyə qatlaşaraq üzüm sahələrində valideynlərinə kömək etmiş, ailənin maddi ehtiyaclarının ödənilməsində yardımçı olmağa çalışmışdır.

Adil Turablının elə ilk şeiri də "Üzümçü qızlar" şeiri olmuşdur.

Yaşıl cərgələrin bin-bərəkəti
Qaldırdı göylərə obanı, eli.
Salxımlar bu qədər şirin olmazdı,
Ona dəyməsəydi Üzümçü əli.

Şəkər dilinizdən bəlkə də, qızlar
Üzümlər bu qədər şirinləşibdir.


Bu şeir bir vaxtlar rayon icra hakimiyyətinin orqanı olan "Yeni gün" qəzetində işıq üzü görüb. Onu da deyək ki, 14 yaşından Adil müəllimin şeirləri dövri mətbuatda dərc olunmağa başlayıb.

Adil Turablı ibtidai təhsilini İnili kənd məktəbində, orta təhsilini isə qonşu Adnalı kənd orta məktəbində əla qiymətlərlə bitirmişdir. O, İnili kəndindən birinci şəxs olub ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, hüquqşünaslıq ixtisasına yiyələnmişdir. Onun "Məndən salam söylə" adlı ilk şeirlər kitabı da elə tələbəlik illərində nəşr edilmişdir.

O, ali təhsilini bitirdikdən sonra ixtisası üzrə Daxili İşlər orqanına işə dəvət olunmuş, polis sıralarında zabit kimi müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda yaradıcılığını davam etdirmişdir. Daxili İşlər Nazirliyinin Bakı şəhər qarnizonunda fəaliyyət göstərdiyi 1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində fəal iştirak edib. Həmçinin, Qarabağ həsr olunmuş şeirlər yazaraq, igid oğullarımızı döyüşə səsləyib.

Polis sıralarından təqaüdə çıxan Adil müəllim yenə də dövlətə, vətənə, öz el-obasına xidmət etməyi özünə borc bilib.

O, Qarabağ qazisidir və bu gün də dövlət qulluğundadır.

Adil müəllimlə söhbət zamanı bildirdi ki, "İlk Cəlilabad rayon icra hakimiyyəti başçısının Şabanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləyəndə abadlıq, quruculuq işləri aparmışam. Şabanlıda bulağın inşa olunmasına təşəbbüs və köməklik göstərmişəm. Şəhid Salman Abbasovun portretinin ətrafında yerləşən bulağın təmir olunmasında da əməyim vardır. Hazırda isə Cəlilabad İHB-nın Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində dövlət qulluğunda işləyirəm. Ərazidə yaşayan şəhid ailələri və qazilərlə tez-tez görüşür, qayğıları ilə maraqlanıram".

Şeirə, sözə vurğun insan

Hüquqşünas, Qarabağ qazisi, polis təqaüdçüsü, şair və dövlət qulluqçusu...

Bu kimi imtiyazlara malik olan Adil Turablı sadəliyi və səmimiyyəti ilə cəmiyyət arasında rəğbət qazanmış insandır. Yaradıcı ziyalı kimi də qələm dostları arasında hörmət-izzəti vardır.

Ötən il onun "Keçən günlərimi bir də yada sal" adlı ikinci şeirlər kitabı oxucuların ixtiyarına verilib. Nəfis tərtibatla hazırlanmış bu kitab 300 tirajla "Elm və təhsil nəşriyyatı"nda çap olunub. Kitabda müəllifin ictimai və lirik mövzuda yazdığı şeirlərilə yanaşı, müxtəlif səpkili şeirləri də toplanılmışdır.

Şeirə, sözə vurğun insan


Şeirə, sözə vurğun insan

Kitaba yazılmış "Yaxşı söz unudulmur" ön sözündə də deyildiyi kimi, Adil Turablı inzibati orqanlarda çalışdığı üçün ədəbi fəaliyyətini önə çıxarmır. Hətta şeirlərini çəkinə-çəkinən söyləyir. Bəlkə də buna görədir ki, yaradıcılığı diqqətdən kənarda qalıb.

Şeirə, sözə vurğun Adili elə söz yaşadır. Özünün də dediyi kimi "Yanana yanan yanar. Söz qədrini söz adama bilər".

Adil turablının bir neçə şeirini oxucularımıza təqdim edirik:

Yoxdu


Keçən günlərimi bir də sal yada,
Demə ki, tənbəldi, azarı yoxdu.
Bir zaman düşməni asıb-kəsərdi,
Əfsus, heç birinin məzarı yoxdu.

Kaş qəlbin hər sirri üzdə olaydı,
Onu düz anlamaq gözdə olaydı,
Dostlar əvvəlki tək bizdə olaydı,
Daha gedib-gəlmir, güzarı yoxdu.

Günlər xoş keçəndə dostlar cəm gəlir.
İşlər əyiləndə kədər-qəm gəlir.
Hayına bəs kimsəsizin kim gəlir?
Ha çalış, ha çağır, azarı yoxdu.

Divanə nə qanır səfil-sərsəri,
Kamil bir sərraf tap, sərf elə zəri.
Hər yetən nadana satma gövhəri,
Hələlik qoy qalsın, bazarı yoxdu.

***

Qızıldaş

Çox yerlər dolandım, gəldim sinənə,
Duydum hər kəsini mən dönə-dönə,
Kimi qardaş oldu, kimi dost mənə,
Ey dostlu, qardaşlı gözəl Qızıldaş.

Qoruyur başının üstünü dağlar,
Bu dağlar düz əli özünə bağlar.
Özü tək hündürdə insanı saxlar,
Sənə daşdı, dağdı əzəl, Qızıldaş.

Bir evdə doydusa, hər ev şənlənir,
Ürəklər böyüyür, sinə enlənir.
Segahlı, nəğməli ürək dillənir,
Oqtay da söyləyir qəzəl, Qızıldaş.

Gül üzlü qızların şən üzü xallı,
Xoş sinəndə oğlun, qızın xoş hallı.
Adiləm, dolannam qəmli, xəyallı,
Ollam bir payızda xəzəl, Qızıldaş.

***

Döndü


Qırıldı məftillər, yığışdı tellər,
Bir canda birləşdi bölünən ellər.
Öpüşdü dodaqlar, görüşdü əllər,
Sevinclər damlaydı, dənizə döndü.

Bir-birindən ayrı düşüb neçə can,
Bütövləşər söylə mənə, de haçan?
Bakılı, Təbrizli bu Azərbaycan,
Gözləyə-gözləyə day közə döndü.

Özüm adiləm ki, Adildi adım,
Gündüz günəş, gecə ayla yaşadım.
Apardı göyümdən onu da yadım,
Nahaq haqqa batan bir bizə döndü.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.