azerbaycanxeberleritv.az » Gündəm » AK: İqlim dəyişikliyi müharibə aparmağı çətinləşdirib
Gündəm / Dünya / Bugün, 11:00

AK: İqlim dəyişikliyi müharibə aparmağı çətinləşdirib

AK: İqlim dəyişikliyi müharibə aparmağı çətinləşdirib

İqlim dəyişikliyinin təsiri nəticəsində təbii resurslar uğrunda mübarizələr artacaq və bu da hərbi münaqişələrin sayını əhəmiyyətli dərəcədə çoxaldacaq.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Vopke Hukstra "Financial Times" nəşrinə müsahibəsində bildirib.

"İqlim dəyişikliyi və onun nəticələri geosiyasətə, təhlükəsizlik və müdafiə sahəsinə birbaşa və dolayı yolla son dərəcə aydın təsir göstərir", deyə Hukstra vurğulayıb.

Komissarın sözlərinə görə, tarix boyu məhdud resurslar uğrunda mübarizə hərbi münaqişələrin əsas səbəblərindən biri olub. Lakin iqlim dəyişikliyinin dramatik nəticələri fonunda bu təsir dörd dəfə güclənəcək.

Hukstra əlavə edib ki, qlobal istiləşmə orduların üzərinə düşən yükü artırıb - hərbçilər getdikcə daha tez-tez təbii fəlakətlərlə mübarizəyə cəlb olunur. Eyni zamanda silahlı qüvvələr öz texnika və infrastrukturunun artan iqlim ekstremallığı şəraitində saz vəziyyətdə saxlanması ilə bağlı yeni problemlərlə qarşılaşır. Vəziyyətin gələcəkdə daha da pisləşəcəyi gözlənilir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) artıq hesablayıb ki, ölkənin və dünyanın ən böyük hərbi-dəniz bazası sayılan Norfolk (Virciniya ştatı) bu əsrin ortalarında su altında qala bilər.

2023-cü ildə NATO nümayəndələri bildirmişdilər ki, İraqda müşahidə edilən ekstremal isti hava şəraiti hərbi əməliyyatlara təsir göstərib: temperaturun yüksəlməsi nəticəsində hava o qədər seyrəkləşib ki, helikopterlərin normal uçuşu belə çətinləşib.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.