
Elan saytlarında canlı görmədiyiniz, yaxud satışa qoyduğunuz əşyalara görə nə beh ödəyin, nə də beh qəbul edin. “Kartımda zatən pul yoxdur” deyib pul olmayan kartınızı da göndərməyin. Çünki həmin kart sizin şəxsi məlumatlarınızı daşıyır. Bu kartda yoxdursa, həmin məlumatlar əsasında digər hesablarınızı yoxlayacaqlar.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, kartlardan oğurluq halları yenə davam edir və ötən gün də müxtəlif hesablardan pullar çəkilib:
“Bank kartınıza aid məxfi məlumatlar açardır. Həmin kodlar başqa şəxslərə verilə bilməz. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu məxfi məlumatlardır. Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.