azerbaycanxeberleritv.az » Manşet » FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir
Manşet / Cəmiyyət / 21-02-2025, 17:45

FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2025/2026-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Bu barədə Azerbaycanxeberleritv.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, akademiyada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilən təhsilin müddəti dörd ildir və dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun bakalavr ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 3-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin 

Akademiyasında "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə əlavə təhsilin "Təkrar ali təhsili" növü üzrə sənəd qəbulu həyata keçiriləcək. Müraciətlər portal.edu.az elektron platforması üzərindən qəbul ediləcək.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.