azerbaycanxeberleritv.az » Manşet » Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
Manşet / Elm-təhsil / Cəmiyyət / Dün, 15:24

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

Azerbaycanxeberleritv.az: - Azərbaycanın təhsil sistemi – hansı ki, sabahın təməlidir. Amma, təəssüf ki, bu gün bəzi məmurların şəxsi biznes sahəsinə, rüşvət yuvasına və korrupsiya şəbəkəsinə çevrilib. Və daha acınacaqlısı odur ki, bu biabırçı sistemin başında oturanlar sadəcə seyirçi deyil, bəzən birbaşa iştirakçıdır.

Bugünkü yazımızda konkret adlar var. Onlar barədə yazılmışdı, danışılmışdı. Amma bütün bunlar heç bir nəticə vermədi.

Məsələn, Həcər Mahmudovanın rüşvət aldığı deyildi, amma o, sanki "mükafatlandırılır"mış kimi başqa yerdə eyni vəzifə ilə davam etdi. Bu gün də davam edir.

Bakı şəhəri 211 nömrəli məktəbdə direktor vəzifəsində çalışdığı dövrdə, həmin məktəbin laborantı Ayna Əmirova Həcər Mahmudovanın laborant vəzifəsinə işə götürmək üçün bir nəfərdən 4 min manat rüşvət aldığını iddia etdi. Hətta, iddialarına dair səs yazılarını da agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" vasitəsilə yayımladıq. Bu informasiya "DogruXeber.az" tərəfindən ifaşa olundu.

Reaksiya nə oldu?

Təhsil naziri Emin Əmrullayev onu işdən çıxartdı, lakin məsələni hüquqi müstəviyə yönəltmədi. Əvəzində isə dərhal Mahmudovanı əvvəlcə 30 nömrəli məktəbə, qısa müddət sonra isə Füzuli rayonunun ən böyük təhsil ocağına – 1 nömrəli tam orta məktəbə direktor təyin etdilər.

Bu “cəza”dır? Yox!
Bu açıq-aşkar "rüşvətxor"u mükafatlandırmaq, cəmiyyətə meydan oxumaqdır.

Eləcə də, Fəranə Məhərrəmova - valideynləri "soğan kimi soyur" və bunu yüksək səslə car çəkir, amma...

Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın səs yazısı yayıldı. Bu qadın bar-bar bağıraraq müəllimlərdən pul tələb edirdi. "Valideynlərdən pul yığın" deyirdi. Eyni zamanda, özünün bağ evi, özəl uşaq bağçası, "Mercedes GL" markalı bahalı avtomobili ilə öyünürdü. O, "Mənim hər şeyim var" deməklə, pulu özü üçün yığmadığını bəyan edirdi.

Emin Əmrullayev yenə də susdu. Hüquq-mühafizə orqanı həmçinin. Cəmi bir “sanksiyasız sürüşdürmə” ilə həmin şəxs Digah qəsəbəsindəki 6 saylı uşaq bağçasına müdir qoyuldu. Və ora çatan kimi də təsərrüfat müdiri ilə *anbar açarı davası"na girişdi. Çünki məqsəd inventara və ərzaqlara təkbaşına nəzarət etmək idi. Yəni korrupsiyanı orada yenidən bərpa (yaxud davam) etmək.

Həmçinin, bu siyahıya daha bir ad daxildir. Zəminə İsayeva - uşaqlara bir boşqab suda 3-4 ədəd makaron dənəsi yedirən müdür.

Lənkəran şəhər 12 saylı uşaq bağçasının müdiri Zəminə İsayevanın fəaliyyəti haqqında da sayısız şikayətlər var idi: işçilərə qarşı kobud davranış, qeyri-rəsmi pul yığımları, uşaqlara keyfiyyətsiz yeməklər vermək, ərzaq mənimsəmələri və s.
Bəs bunlar araşdırıldımı? Əsla!

Bütün bu və digər adların "qoruyucu mələyi" obrazında Eşqi Bağırov diqqət mərkəzindədir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, adı çəkilən bu şəxslərin birbaşa himayəçisi kimi tanınır. Bu şəxslərin heç birinə toxunulmaması, əksinə – yenidən kresloya qaytarılması təsadüf yox, şəbəkənin mövcudluğunun sübutudur.

Bütün bu baş verənlərin fonunda isə əsas söz sahibi Emin Əmrullayevi "səssiz nazir" adlandıra bilərik.

Təhsil naziri Emin Əmrullayevin bu qədər bariz korrupsiya faktlarına reaksiya verməməsi, məsələni hüquq-mühafizə orqanlarına yönəltməməsi artıq təkcə səhlənkarlıq deyil. Bu – birbaşa məsuliyyət daşımaq deməkdir.

Emin müəllim, siz bu şəxslərin kresloda oturmasına icazə verəndə, faktiki olaraq, dövlətin malına göz dikənləri, işçilərə psixoloji zülm edənləri, təhsili çirkləndirənləri qoruyursunuz.

Sual açıqdır və cavab tələb edir:

Həcər Mahmudova sizə, yaxud Azərbaycan təhsilinə nə vəd etmişdi ki, onu Füzuliyə göndərdiniz?

Fəranə Məhərrəmovanı kim, niyə qorudu ki, eyni vəzifə ilə başqa bağçalarda "missiyasını davam etdirir"?

Bəs Zəminə İsayevanı bu qədər şikayətə rəğmən işdə saxlayan kimdir, yaxud nədir?

Sən demə, onların korrupsoner əməllərindən rəhbərliyin xəbəri əvvəldən varmış - Bağça müdiri özü etiraf edir // VİDEO

Bu gün bu korrupsiya sistemi dağılmırsa, sabah bu ölkənin təhsili çökməyə davam edəcək.

Bu şəxslər haqqında ciddi hüquqi tədbir görülməzsə, bu susqunluğun adı “şəriklik” olacaq.

Biz susmayacağıq.
Cəmiyyət susmur.
Bizi izləyin – çünki biz yazmaqda və bu kimi qanunsuzluqları ifşa etməkdə davam edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.