Qızıl gül — adını çəkən kimi göz önünə gözəllik, sevgi, zəriflik və bəzən də sükutun içində qopan fırtınalar gəlir. Əsrlərdir sevənlərin əlində, şahların bağında, şairlərin şeirində yer alan bu möcüzəvi gül, təkcə bir bitki deyil – mədəniyyətlərin və duyğuların simvoludur.
Qızıl gülün olduqca maraqlı və sirli keçmişi var.
Tarixçilərin fikrincə, qızıl gülün vətəni qədim Asiyadır. İndiki İran və Çin ərazisində eramızdan əvvəl becərildiyi məlumdur. Qədim Roma və Yunanıstanda isə bu gül ilahi məhəbbətin rəmzi kimi tanınırdı. Hətta Roma imperatorlarının banketlərini gül ləçəkləri ilə bəzədikləri, gül suyu ilə qonaqları ətirləndirdikləri söylənir.
Qızıl gül — dilsiz danışan bir güldür. Sevgilinin əlindəki qızıl gül sükutla "Səni sevirəm" deyir. Lakin bu sevgi sadəcə romantik deyil. Qızıl gül həm də hörmətin, sədaqətin, vəfalı bağlılığın rəmzidir. Bir insanın kiməsə qızıl gül bağışlaması, onu dəyərləndirdiyini, onun varlığını qiymətli saydığını göstərir.
Ətrinin gücü və təbiətə faydası
Qızıl gül təkcə gözəlliyi ilə deyil, həm də ətri ilə əsrlərdir insanları valeh edir. Təbii gül yağı dünyanın ən bahalı və keyfiyyətli ətir xammalıdır. Antiseptik, iltihab əleyhinə və sakitləşdirici təsirləri də var. Gül suyu isə həm dərini təravətləndirir, həm də stressi azaldır.
Gül dəmləməsi — içildikdə mədə ağrılarını yüngülləşdirir, sinir sistemini sakitləşdirir, yuxusuzluğu azaldır. Qadınlarda menstrual dövr zamanı yaranan spazmları və gərginliyi aradan qaldırmaqda da faydalıdır. Dəmləmənin antiseptik təsiri olduğundan boğaz ağrılarında qarqara kimi də istifadə edilir. Gül dəmləsi həmçinin orqanizmi toksinlərdən təmizləyir və immuniteti gücləndirir.
Gül mürəbbəsi isə həm ləzzətli, həm də faydalı şirniyyat sayılır. Qədim Şərq təbabətində gül mürəbbəsi bağırsaq sisteminin işini tənzimləyən, qəbizlik və həzm pozğunluqlarına qarşı təbii vasitə kimi təqdim olunurdu. Eyni zamanda, orqanizmin ümumi tonusunu artırır, yorğunluq və halsızlıqla mübarizədə kömək edir. Səhər acqarına bir qaşıq gül mürəbbəsi qəbul etmək həm ruhi, həm fiziki rahatlıq verir.
Gül suyu isə həm dərini təravətləndirir, qızartı və iltihabı azaldır, həm də stressi yüngülləşdirən aromaterapiya vasitəsi kimi istifadə olunur. Göz yorğunluğu üçün pambıq disklərə gül suyu tökülüb gözlərə qoyulduqda rahatlıq verir və şişkinliyi azaldır.
Gül həm də antibakterial xüsusiyyətə malik olduğu üçün dəri infeksiyalarında təbii dəstək vasitəsi hesab olunur. Onun bu xüsusiyyətləri ev kosmetikasında — maska, tonik və krem hazırlığında da geniş istifadə olunur.
Qızıl gül qadınlıqla da sıx bağlıdır. Zərifliyi, dərinliyi, incəliyi və bəzən də tikanlı müdafiəsi ilə qadın təbiətini xatırladır. Qızıl gül bəzən ana məhəbbətinin, bəzən isə sadiq sevgilinin rəmzi kimi çıxış edir.
Qızıl gül həyatın özü kimi ziddiyyətlidir – zərif, amma tikanlı; gözəl, amma fanidir. O bizə öyrədir ki, gözəllik qorunmalı, sevgi dəyərli, hisslər isə səmimi olmalıdır.
"
DogruXeber.az" olaraq, bu köşə yazımızla oxucularımızı yalnız xəbərlə deyil, həyatın gözəllikləri ilə də baş-başa buraxmaq istədik. Hər bir oxucumuzun həyatında “qızıl gül” qədər dəyərli duyğular olsun!
Hazırladı: Jalə Asiman